Ombudsman media subyektlərini, cəmiyyətin hər bir üzvünü, valideynləri uşaqlarla bağlı materialların paylaşılmasında etik prinsiplərə və hüquqi tələblərə riayət etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.
Qeyd edilib ki, Azərbaycanda uşaqların hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir:
"Uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın fəaliyyətində əsas istiqamətlərdən biridir. Müvəkkil uşaqların mənafelərinin hər zaman üstün tutulmasının, onların sağlam psixoloji mühitdə böyüməsinin dövlətin, cəmiyyətin və hər bir fərdin birgə vəzifəsi olduğunu vurğulayır. Uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipini pozur və istismar riskini artırır".