Gürcüstanın Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir Zəlimxan Yaqubun həyat və yaradıcılığını əks etdirən qısa sənədli filmin nümayişi ilə başlayıb.
Videoçarxda həmçinin onun ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən nadir kadrlar da təqdim olunub. Ardınca keçirilən mərasimdə kənd sakinləri, Gürcüstan ictimaiyyətinin nümayəndələri, ziyalılar, saz-söz sənətinin tanınmış simaları, Azərbaycan icmasının fəal üzvləri və gürcü ictimai xadimləri bir araya gələrək şairin 75 illiyini qeyd ediblər.
Bildirilib ki, Z.Yaqub təkcə Azərbaycanın və Gürcüstanın deyil, bütün türk dünyasının sevilən şairlərindən biri olub, yaradıcılığı ilə minlərlə oxucunun qəlbinə yol tapıb.
Mərasimin sonunda şairin poeziyasından seçilmiş nümunələr səsləndirilib, saz ifaçıları onun sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.