EN

Zatulinin Azərbaycana qarşı əsassız iddiaları siyasi təxribatdır – RƏY

Konstantin Zatulinin Azərbaycana qarşı ittihamları əsassızdır və siyasi təxribat xarakteri daşıyır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O, rusiyalı deputatın Azərbaycanın əleyhinə səsləndirdiyi son fikirlərinin də əvvəlkilər kimi əsassız olduğunu vurğulayıb:

“Son günlər Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycanın Qarabağda apardığı siyasətə qarşı tamamilə əsassız və təxribatçı ittihamlarla çıxış edib. O, guya Azərbaycanın “tarixi-mədəni irsə hörmətsizlik etdiyini, abidələri dağıtdığını və dini məbədləri təhqir etdiyini” iddia edib. Halbuki, bu iddialar tamamilə cəfəngiyatdır və Azərbaycanın suveren hüquqlarına açıq müdaxilə cəhdi xarakteri daşıyır”.

V.Qafarov Azərbaycanın mədəni irs siyasətinin hər zaman milli maraqlara və beynəlxalq öhdəliklərə əsaslandığını bildirib:

“Əvvəla, Azərbaycan öz ərazisində hər bir tarixi və mədəni abidənin qorunmasına məsuliyyətlə yanaşır. Qarabağ bölgəsi 30 ilə yaxın işğal altında olarkən məhz Ermənistan tərəfindən dağıdılmış, təhqir edilmiş məscidlər, qəbiristanlıqlar, muzeylər və digər mədəniyyət abidələri bu gün Azərbaycan dövləti tərəfindən sistemli şəkildə bərpa olunur. Bu, Azərbaycanın mədəni irsə hörmətinin və nümayiş etdirdiyi prinsipiallığın göstəricisidir. Azərbaycanın mədəni irs siyasəti hər zaman milli maraqlara və beynəlxalq öhdəliklərə əsaslanır. Dövlət UNESCO ilə sıx əməkdaşlıq edir və tarixi abidələrin qorunması, bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirir. Qarabağda aparılan bərpa işləri sübut edir ki, Azərbaycan yalnız öz milli irsini deyil, həm də ümumbəşəri mədəni dəyərləri qorumaq əzmindədir”.

Vasif Qafarov
Vasif Qafarov

Deputat qeyd edib ki, Rusiya Qarabağın işğal altında olduğu dövrdə həmin ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilən vandalizm aktlarına səssiz qalıb:

“Ermənistanın 30 illik işğal dövründə Qarabağda Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdiyi genişmiqyaslı vandallıq aktları beynəlxalq hesabatlarla təsdiqləndiyi halda, indiyə qədər Rusiya rəsmiləri bir dəfə olsun, bu vandallıq aktlarını pisləyən bəyanatlarla çıxış etməyiblər. İndi rəsmi Bakını “tarixi yaddaşa, ümumi mədəni əməkdaşlığa hücum”da ittiham edən Rusiya rəsmilərinə sual vermək lazımdır ki, onlar vaxtilə bu ölkənin sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə “tarixi və mədəni abidələri” Azərbaycandan icazə alaraq qoymuşdular? Ümumiyyətlə, Rusiya sülhməramlıları bu ərazidə hər hansı abidə qoymaq mandatına sahib idilərmi?”

Deputatın fikrincə, Rusiyanın müəyyən rəsmi şəxslərinin bütün bunlara görə Azərbaycandan üzr istəmək əvəzinə əsassız bəyanatlar vermələri həyasızlıq nümunəsidir:

“Azərbaycanın mövqeyi açıq və dəyişməzdir: Azərbaycanın suveren ərazisində hər bir addım yalnız dövlətin razılığı və icazəsi ilə mümkündür. Rusiya sülhməramlılarının vaxtilə müvəqqəti yerləşdiyi Qarabağ ərazilərində öz mandatından kənar qanunsuz fəaliyyətlərlə məşğul olması, kimlərəsə “abidələr” qoyması və bu kimi müdaxilə cəhdləri Azərbaycanın suverenliyinə qarşı açıq hörmətsizlik aktları olub. Azərbaycanın razılığı və icazəsi olmadan onun ərazisində hər hansı abidənin inşası qanunsuzdur və bunun çox ciddi siyasi nəticələri ola bilər. Yol verdikləri bu qanunsuzluqlara görə Azərbaycandan üzr istəmək əvəzinə Zatulin kimi Rusiya rəsmilərinin səsləndirdiyi cəfəng siyasi bəyanatlar sözün həqiqi mənasında həyasızlıqdır”.

Chosen
16
1
report.az

2Sources