Norveçin
"Utrop" nəşrində Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun Cənubi
Qafqazda sülh prosesinə həsr olunmuş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər
verir ki, diplomat məqalədə norveçli yazıçı Terye Holmedalin təxminən iyirmi il
əvvəl yazdığı "Mən bacaracağam" kitabına istinad edir. Kitabda
Birinci Qarabağ müharibəsi zamanı evini tərk etməyə məcbur olan və təhsil almaq
imkanından məhrum olan cəbrayıllı Lalə adlı qız haqqında bəhs edilir.
Z.Əhmədov
yazır ki, bu gün Lalə və bir çox digər azərbaycanlı məcburi köçkünlər, nəhayət
ki, onilliklər ərzində xarabalığa çevrilmiş doğma kəndlərinə qayıtmaq şansı əldə
ediblər. Sakinlərin qayıdışı ilə kəndlərdə həyat canlanır, uzun müddət
qeyri-sabitlik yuvası sayılan region isə sülhün ümid məkanına çevrilir.
Məqalədə bu
il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə
edilmiş tarixi sazişə xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham
Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında münasibətlərdə
yeni dövr açan Birgə Bəyannamə imzalayıblar.
Razılaşmaların
əsas bəndi nəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın əsas hissəsini
Ermənistan ərazisindən Naxçıvanla birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu (Trump Route for International Peace and Prosperity) (TRIPP)
layihəsinin açılması olub. Bu marşrut Avropa ilə Asiyanı birləşdirən Orta dəhliz
təşəbbüsünün mühüm həlqəsinə çevriləcək.
Səfirin
fikrincə, Cənubi Qafqazda sabitlik təkcə region ölkələrinə deyil, həm də
Avropaya, o cümlədən Norveçə də fayda gətirəcək. Skandinaviya ölkələri
inteqrasiya və sülhməramlı təcrübələri ilə etimadın möhkəmlənməsinə və əməkdaşlığın
inkişafına mühüm töhfə verə bilər.
Sonda
diplomat vurğulayır ki, Lalənin hekayəsi sülh prosesinin insani ölçüsünü
xatırladır: hər bir razılaşmanın arxasında Vətənə qayıtmaq və yeni həyata
başlamaq arzusunda olan insanlar dayanır.
"Cənubi Qafqaz üçün bu, yeni
başlanğıcdır. Norveç üçün bu, növbəti fəslin yazılmasında kömək etmək dəvətidir",
- deyə müəllif sonda qeyd edir.