EN

Azərbaycan dəmir yollarının vaqon parkı yenilənir

Daxili yatırım hesabına 200 yarımvaqon, 100 platforma alınıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi məqsədilə daxili investisiya hesabına 300 yeni vaqon alıb. Həmin vaqonların 200-ü yarımvaqon, 100-ü isə universal platforma tiplidir. Bu barədə XQ-yə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, platforma vaqonların yükqaldırma qabiliyyəti 72 ton, istismar müddəti isə 32 ildir. Bu vaqonlar xüsusən konteyner daşımaları üçün yüksək səmərəli, çevik və sərfəli həll yoludur, həm standart 20, həm də 40 futluq konteynerlər üçün uyğundur. Qurumun məlumatına əsasən, vaqon parkında platforma vaqonların artırılması konteyner yüklərinin daşınmasına olan tələbatın qarşılanmasına imkan verəcək. Son dövrlər Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə xüsusilə konteyner yüklərin artması müşahidə olunur. 2025-ci ilin 7 ayında Çindən 225 blok-qatar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. 7 ayda, ümumilikdə, blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, təxminən, 2 dəfə çoxdur.

Platforma vaqonlarda konteynerlə yanaşı, taxta-şalban, boru, rels, ağır və iriölçülü digər yükləri daşımaq mümkündür. Sadələşdirilmiş dizaynı sayəsində yan və yuxarı hissələrdən yükləmə və boşaltma işləri asan həyata keçirilir, nəticədə, vaqonda aparılan yükləmə və ya boşaltma əməliyyatının müddəti azalır. Yeni yarımvaqon modellər isə iriölçülü və xüsusi formada daşınan yüklərin, o cümlədən taxta, qırmadaş və digər bərk tikinti materiallarının nəqli üçün uyğundur. Yükqaldırma qabiliyyəti 70 ton, həcmi 85 kubmetr olan yarımvaqonların istismar müddəti 22 ildir. Yüksək həcmə və yük tutumuna malik olması bu tip vaqonları kütləvi daşımalarda etibarlı və qənaətcil edir.

Kömür, metallurgiya, tikinti və kənd təsərrüfatı sənayesində əvəzolunmaz daşıma vasitəsi olan yarımvaqonların üstünün açıq olması və mürəkkəb mexanizmlərin olmaması texniki xidmət, boşaltma və təmir işlərini asanlaşdırır. Yüksək texniki göstəricilərə malik yeni yük vaqonları həm daxili, həm də Azərbaycan ərazisindən keçən Şimal – Cənub və Şərq – Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalarda istismar olunacaq, əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, ölkəmizin ərazisindən keçən beynəlxalq marşrutlar üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv və vaqon parkının yenilənməsi və genişləndirilməsi işlərini davam etdirir. Təkcə bu ilin aprel ayında qurum Çin istehsalı olan 7 yeni lokomotiv və ehtiyat hissələrinin alınması haqqında müqavilə imzalayıb. Növbəti mərhələdə isə 14 magistral lokomotivin parka daxil edilməsi nəzərdə tutulur.

 

Chosen
35
20
xalqqazeti.az

10Sources