EN

Perinatal mərkəzdə baş verən yanğınla bağlı: İşin ağırlığından şikayət edəndə qapını göstərirdilər

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Firuzə Məmmədova deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır:

"Mən mərkəzdə tibb bacısı işləmişəm. Bizim şöbədə əvvəllər ən çox 15 uşaq olurdu. Bir il ərzində uşaqların sayı artmışdı. Son vaxtlar mərkəzdə 18 uşaqla işləyirdim. Bizim şöbənin rəisi Məryəm xanım idi".

Şahidin sözlərinə görə, şöbədə istifadə edilən elektrik uzadacılarını cihazlara özləri qoşub: "Elektrik uzadıcıları ilə bağlı hər hansı bir təlimat verilməmişdi. Uşaq sayı çox olduğuna görə əlavə uzadıcılara da ehtiyac olurdu. Əvvəllər bu uzadıcılardan istifadə edilmirdi. Mənə yanğın təhlükəsizliyi, eləcə də tibbi avadanlıqların birləşdirilməsi ilə bağlı hər hansı bir təlim keçirilməyib. Belə bir təlim olubsa da, mən orada iştirak etməmişəm".

Şahidin ifadələri arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Firuzə Məmmədova ibtidai istintaq zamanı deyib ki, mərkəzdə xəstə sayı normadan iki dəfə çox olub:

"Bununla bağlı işçilər Mehriban xanıma etirazlar edirdi. O isə "işləmək istəməyəni məcbur saxlamırıq, kim işləmirsə, ərizəsini yazıb işdən çıxa bilər" deyirdi. Mərkəzin əməkdaşı Təbriz Nəzərli elektrik uzadıcılarının panellərə qoşulmamasını tapşırmışdı".

Şahid Günel Həsənova deyib ki, 2021-ci ildən yanğın baş verənə qədər Respublika Perinatal Mərkəzində tibbi bacısı işləyib:

"Növbəni təhvil alanda gördüm ki, mərkəzdə yanğın baş verib. Oradakı uşaqları başqa xəstəxanalara yerləşdirmişdilər. Bununla bağlı həmin xəstəxanalara ezam olunmuşduq. Şöbədə uşaq həddən artıq çox idi. Mehriban xanım gələndən sonra otaqların sayı artdı. Bununla bağlı şikayət edirdik. Onlar kim işləmək istəmirsə, çıxa bilər, deyirdilər. Dəfələrlə Məryəm xanıma bu qədər uşağa baxmağa işçilərin gücünün çatmadığını demişdik. Mehriban xanım bizimlə acı dillə danışırdı. İşin ağırlığından şikayət edəndə o, mənə qapını göstərmişdi".

Şahid İlahə Nuriyeva deyib ki, o da mərkəzdə tibb bacısı işləyib:

"Uşaqların çoxluğu ilə bağlı Mehriban xanıma bildirmişdik. Ona demişdim ki, səhhətimlə bağlı çatdıra bilmirəm. O, yaxşı olacağını deyirdi. Son bir il ərzində şöbəyə uşaq çox gəlirdi, buna görə də elektrik uzadıcılardan istifadə etməyə məcbur olurduq. Bununla bağlı qadağa qoyulmamışdı. Hərdən otaqdan qoxu gəlirdi, eləcə də uzadıcını panelə qoşanda cərəyan vururdu. Yanğın təhlükəsizliyi ilə bağlı uzun müddət əvvəl təlim keçirilmişdi. Mən bu təlimdə bir dəfə olmuşam".

Növbəti iclas sentyabrın 15-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Chosen
44
14
demokrat.az

10Sources