Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin və gənc mütəxəssislərin innovativ ideyalarını dəstəkləmək məqsədilə "UniStartup" müsabiqəsinə qeydiyyat prosesi başlayıb. Müsabiqə Regional Universitet–Sənaye Birliyi Sammiti (RUSB 2025 - Careerhub) çərçivəsində keçiriləcək.
AzEdu.az xəbər verir ki, "Regiondan Qlobala" konsepti ilə keçiriləcək sammit MDU, “HBN Group” və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə 24 oktyabr 2025-ci ildə Mingəçevirdə baş tutacaq. Tədbir universitet-sənaye əməkdaşlığını gücləndirmək, gənclərə iş və təcrübə imkanları təqdim etmək məqsədi daşıyır.
Sammitdə 100-dən çox şirkət və dövlət qurumunun, ümumilikdə isə 10 mindən artıq iştirakçının iştirakı gözlənilir. Müsabiqənin əsas məqsədi universitet daxilində startap ekosistemini gücləndirmək, tələbələrin ideyalarını inkişaf etdirmək və onları sənaye nümayəndələri ilə bir araya gətirməkdir. İştirakçılar innovativ layihələrini yarımfinal və final mərhələlərində təqdim edəcəklər. Müsabiqədə yalnız MDU-nun bakalavr və magistr tələbələri, həmçinin universitet əməkdaşları iştirak edə bilər.
Komandaların tərkibi 2–5 nəfərdən ibarət olmalıdır. İdeyalar süni intellekt, robototexnika, aqrar texnologiyalar, yaşıl enerji, proqramlaşdırma və İT həlləri, kibertəhlükəsizlik, təhsil texnologiyaları, FinTech və digər istiqamətləri əhatə etməlidir. Müsabiqə qeydiyyat və ideya təqdimatı, peşəkar mentor dəstəyi və Final Pitch Day mərhələlərindən ibarətdir. Final Pitch Day mərhələsi RUSB Sammiti çərçivəsində 24 oktyabr tarixində keçiriləcək. Layihələr münsiflər heyəti tərəfindən təqdimat bacarığı, aktuallıq, məhsulun unikal xüsusiyyətləri, komanda potensialı və bazar araşdırmasına görə qiymətləndiriləcək.
Ən yüksək nəticə göstərən komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.
Qeydiyyat üçün son tarix: 10 oktyabr 2025
Əlaqələndirici şəxs: Nurlan Əzizli – 055 915 48 93 | [email protected]
Ətraflı məlumat və qeydiyyat: mdu.edu.az/unistartup
Sammit haqqında ətraflı məlumat: careerhub.az