EN

Bakıda minlərlə tələbəni bir araya gətirəcək ICPC nədir? - ARAŞDIRMA

2025-ci ilin yayının son günləri Azərbaycanın elm və innovasiya tarixində mühüm bir mərhələ kimi qalacaq. Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı – Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı ilk dəfə olaraq Bakıda keçiriləcək. Bu təkcə texnologiya həvəskarları üçün deyil, həm də ölkənin elm, təhsil və gənclər siyasəti üçün qlobal miqyasda önəmli hadisədir.

Dünyanın ən istedadlı gəncləri Azərbaycanın paytaxtında

31 avqust – 5 sentyabr tarixlərində baş tutacaq finalda dünyanın 70-ə yaxın ölkəsindən yüzlərlə tələbə iştirak edəcək. Onlar arasından yalnız ən güclü komandalar seçim mərhələlərini keçərək Bakıya gəlməyə haqq qazanıblar. Bu, Azərbaycan üçün həm böyük təşkilati məsuliyyət, həm də ölkənin beynəlxalq elm və texnologiya xəritəsində mövqeyini möhkəmləndirən unikal fürsətdir.

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin tarixi

ICPC yarışı ötən əsrin 70-ci illərində ABŞ-də universitetlərarası kiçik bir tədbir kimi başlayıb. Qısa müddətdə insanların marağını qazanan müsabiqə 1977-ci ildən beynəlxalq miqyasda təşkil olunmağa başlayıb və zamanla kompüter elmlərinin ən nüfuzlu yarışına çevrilib. Bu yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.

Bugün ICPC sadəcə tələbələr arasında kod yazma yarışması deyil, həm də akademiya ilə sənaye arasında qlobal körpü rolunu oynayır. Burada iştirak edən tələbələr texnologiya şirkətlərinin diqqətini çəkir, universitetlər öz potensiallarını nümayiş etdirir, sponsorlar isə gələcəyin mütəxəssisləri ilə tanış olmaq imkanı qazanırlar.

Statistik göstəricilər də yarışın miqyasını aydın şəkildə nümayiş etdirir: Hər il təxminən dünyanın 103 ölkəsindən,  3424 universiteti təmsil edən  73 000-dən çox tələbə bu yarışa qatılır.

ICPC-nin finalında üç nəfərdən ibarət komandaların ixtiyarına yalnız bir kompüter və beş saat vaxt verilir. Bu müddət ərzində 10–12 alqoritmik tapşırıq təqdim edilir. Hər tapşırıq real həyatda rast gəlinən mürəkkəb problemlərin sadələşdirilmiş modelidir: böyük verilənlərin emalı, qraf nəzəriyyəsi, optimallaşdırma, süni intellekt yanaşmaları və digər sahələr.

Yarışın qiymətləndirilməsi isə çox sadə, amma sərt prinsiplərə əsaslanır. Ən çox məsələni həll edən və bunu ən qısa vaxtda bacaran komanda qalib elan olunur. Əgər iki komanda eyni sayda məsələni həll edibsə, üstünlük həllərin ümumi vaxtına görə müəyyənləşdirilir. Bu səbəbdən strategiya, vaxt bölgüsü və komanda işinin ahəngi nəticədə həlledici rol oynayır.

Burada ən yüksək nəticə göstərmiş komanda ICPC Dünya Finalının çempionu elan olunur və Dünya Çempionu Kuboku ilə birlikdə xüsusi plaketlərə layiq görülür. İlk dörd yeri tutan komandalar qızıl medalla, beşinci ilə səkkizinci yerlərdə qərarlaşanlar gümüş medalla, doqquzuncu ilə on ikinci yerləri tutanlar isə bürünc medalla təltif edilirlər. Hər bir medalçı komanda əlavə olaraq plaketlə də mükafatlandırılır. ICPC Dünya Finalında iştirak edən bütün komandalar yalnız medallar uğrunda mübarizə aparmır, həm də xüsusi fəxri adlara namizəd sayılırlar. Bu fəxri adlar komandanın yarış boyu göstərdiyi nəticələrə əsasən müəyyən edilir. Ən yüksək nəticə göstərən və medal qazanan komandalarla yanaşı, onların nəticələrinə yaxınlaşan digər komandalar da xüsusi şəkildə qeyd olunur. Beləliklə, “Ən yüksək fəxri ad” medal qazanan bütün komandalara, həmçinin medal qazanan hər hansı bir komandanın həll etdiyi minimal tapşırıq sayını həll edən digər komandalara verilir. Onlardan bir tapşırıq az həll edənlər isə “Yüksək fəxri ad”a layiq görülürlər. Daha sonra orta nəticəni təmin edən və ya ondan yüksək performans göstərən komandalar “Fəxri ad” alırlar. Orta göstəricidən aşağı nəticə göstərənlər isə “Diqqətə layiq” kateqoriyası ilə xüsusi qeyd olunurlar. Bu yanaşma hər bir iştirakçı komandanın əzmini və səylərini qiymətləndirməyə xidmət edir.

Bakının bu yarışa ev sahibliyi etməsi strateji uğurun göstəricisidir

ICPC Dünya Finalına ev sahibliyi etmək üçün müxtəlif ölkələr arasında ciddi rəqabət olur. Çünki bu, yalnız texnologiya tədbiri deyil, həm də elm və təhsil diplomatiyasının göstəricisidir. Builki finalın keçirilmə hüququnun məhz Azərbaycana verilməsi ölkənin son illərdə texnologiya, təhsil və gənclərin inkişafına qoyduğu sərmayələrin beynəlxalq müstəvidə tanınmasının nəticəsidir. Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş ölkə kimi tanınır. Ölkəmizin idman yarışlarından tutmuş iqtisadi forumlara qədər müxtəlif sahələrdə qazandığı təcrübə ICPC kimi mürəkkəb təşkilati tədbirin də yüksək səviyyədə keçiriləcəyinə zəmin yaradır. 

Finalın Bakıda keçirilməsi ölkə üçün strateji baxımdan da çoxşaxəli təsirə malikdir. Əvvəla, bu hadisə Azərbaycanın qlobal elm və texnologiya xəritəsində mövqeyini gücləndirir və ölkənin gənclər siyasətinə verilən önəmi nümayiş etdirir. Digər tərəfdən, belə genişmiqyaslı tədbir gənc nəsildə proqramlaşdırma və İT sahəsinə marağı artırır, yerli universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu final həm də təhsil və texnologiya sahəsində dövlət və özəl sektorun birgə fəaliyyətinə yeni impuls, ölkədə innovasiya ekosisteminin inkişafına mühüm töhfə verir.

Yarışda Azərbaycan da öz komandaları ilə təmsil olunacaq. ADA Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri ilk dəfə olaraq Dünya Finalında doğma vətənlərində yarışacaqlar. Onlar üçün bu, yalnız şəxsi nailiyyət deyil, həm də ölkənin adını texnologiya sahəsində qlobal arenada ucaldan tarixi fürsətdir.

ICPC 2025 Dünya Finalı Bakının yalnız mədəniyyət və tarix şəhəri deyil, həm də gələcəyin texnologiyalarının mərkəzlərindən biri olduğunu sübut edəcək. Bu tədbir ölkəmizdə elm, təhsil və innovasiya üçün yeni üfüqlər açacaq, minlərlə gəncin həyatında dönüş nöqtəsinə çevriləcək. Azərbaycanın gənclər siyasəti, təhsil sahəsinə qoyduğu sərmayələr və rəqəmsal inkişaf strategiyası isə bu final vasitəsilə dünyaya daha geniş tanıdılacaq.

"Azərbaycan müəllimi" qəzeti

Chosen
1
azedu.az

1Sources