Yasamal rayonunda yerləşən uşaq bağçasından məişət əşyaları oğurlayan şəxs mühakimə edilib.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 4 ay əvvəl gecə saatlarında bağçanın anbarına daxil olan 45 yaşlı Azər Bahşov oradan müxtəlif qab-qacaq aparıb.
Araşdırma nəticəsində məlum olub ki, Azər bağçaya məxsus 6 qazan, 4 keramik tava, bir aşsüzən, bir neçə podnos və çaydanı oğurlayıb. Bunun nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 2 233 manat ziyan dəyib.
Təqsirləndirilən şəxs isə verilmiş ittihamla tam razılaşmayıb. O, bağçadan iki torbanın içində cəmi 6 qazan apardığını etiraf edib. Həmin qazanları da Alatava qəsəbəsindəki mağazaya 49 manata satıb. Mağaza sahibi özü də bunu məhkəmədə təsdiqləyib. Deyib ki, Azər ona cəmi 6 qazan satıb.
Hakim müttəhimin cəmi 6 qazan oğurladığını deməsini inandırıcı hesab etməyib:
"İttihamda göstərilən qazan, tava, podnos, ləyən və digər məişət əşyalarının ölçü və forması onların daşınmasını çətinləşdirmir. Əksinə, bu əşyaların əksəriyyəti müxtəlif ölçülərdə olduğundan təbii şəkildə bir-birinin içinə yerləşdirilə bilir. Məsələn, 40 litrlik və 30 litrlik qazanların içərisinə 20 litrlik və 3 litrlik qazanlar, həmçinin ləyənlər yerləşdirilə bilər. Tavalar da ölçülərinə görə üst-üstə yığıla və iç-içə salına bilər. Podnos və aşsüzən kimi yastı formalı əşyalar isə ən altda yerləşdirildikdə heç bir əlavə həcm yaratmır. Beləliklə, bütün əşyaların kompakt şəkildə yığılması və cəmi iki iri torbada daşınması texniki baxımdan tamamilə mümkündür".
Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib. Bu ittiham onun işini çətinləşdirib.
Yekunda təqsirləndirilən şəxsə oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsə də, narkotik ittihamı vəziyyəti dəyişib. Bu cinayət nəzərə alınaraq Azər Bahşov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.