İsveçin baş naziri Ulf Kristerssonun NATO-ya üzvlüyü çərçivəsində Türkiyə ilə apardığı danışıqların rəsmi sənədləri Stokholm Arlanda hava limanının tualetində unudulub. Diplomatik qeydlərin olduğu iddia edilən sənədlərin tapılması ciddi təhlükəsizlik mübahisələrinə səbəb olub.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kristerssonun 2022-ci ilin noyabrında Türkiyəyə səfərindən sonra baş verib.
İddialara görə, bu fayl həmin səfər zamanı məhdud tərkibdə keçirilən, təfərrüatı indiyədək açıqlanmayan görüşlərə aiddir. Təmizlik işçisi tərəfindən tapılan sənədlər ölkə gündəminə çevrilib.
Baş nazirliyin mətbuat xidməti faylın bir işçi tərəfindən unudulduğunu təsdiqləyib. Açıqlamada sənədlərin məxfi olmadığı və heç bir təhlükəsizlik araşdırmasına ehtiyac olmadığı bildirilib.