EN

Həştərxanda imzalanmış Mustafayev-Overçuk protokolu Ermənistanı isterikaya saldı...


Rusiya və Azərbaycan gələcək birgə iş üçün istiqamətləri müəyyənləşdirib. Enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı prioritetdir. Bunu iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxanda keçirilən 23-cü iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk vurğulayıb ki, prioritetlər sırasında regionda nəqliyyat əlaqələrinin inkişafı üzrə birgə iş, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə sisteminin gücləndirilməsi, enerji sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı və Xəzər dənizində əməkdaşlıq yer alır. Qeyd edək ki, Həştərxanda Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. İclasdan əvvəl Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya tərəfdən həmsədrləri - Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun məhdud tərkibdə görüşü keçirilib. İclasda iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit kimi sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib. İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk protokol imzalayıblar. Amma protokolun detalları açıqlanmayıb. Beləliklə, Azərbaycanla Rusiya arasında son iki ayda artan gərginlikdən sonra ilk rəsmi təmas baş tutub. Azərbaycan rəsmisi ilə görüşdən öncə rusiyalı nazir müavini Ermənistanda olub və Paşinyan tərəfindən qəbul edilib. Burada xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında gərginlik son iki ayda özünün ən pik həddinə çatıb. Buna səbəb Rusiyanın iyununda etnik azərbaycanlılara qarşı keçirdiyi zorakı əməliyyatlar olub. Bakı buna etiraz olaraq o zaman Azərbaycana gəlməyi planlaşdıran Overçukun səfərini ləğv etmişdi. Daha sonra Rusiyanın Azərbaycanda mədəniyyət tədbirləri tam dayandırılmışdı. Moskva isə buna cavab olaraq Azərbaycan diasporunun digər üzvlərinə qarşı hələ də yeni cinayət işi açaraq onları deportasiya və həbs etməyə davam edir. AZAL təyayrəsi ilə bağlı insident də aradan qalxmayıb. Bu şəraitdə Şahin Mustafayevlə Aleksey Overçukun görüşü Ermənistanda böyük narahatlıq yaradıb. Burada ümid olunurdu ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən Ermənistan istifadə edə bilər. Amma Həştərxanda keçirilən görüş ermənilərin ümidini alt-üst edib. Bu fonda “armenianreport” portalı yazır: “Arzuları reallıqdan ayıra bilmək vacibdir. Belə qabiliyyətin olmaması böyük problemlərə səbəb ola bilər. Konkret misal verək. Erməni cəmiyyətində və siyasi dairələrində tez-tez “Rusiya Cənubi Qafqazı nəhayət ki, itirdi” fikrini eşitmək olar. Ancaq son hadisələr göstərir ki, bu cür söhbətlər reallıqdan çox arxayınlığa bənzəyir. Avqustun 23-də Rusiya və Azərbaycanın xarici işlər nazirləri – Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub. Bakı mətbuatının məlumatına görə, tərəflər ikitərəfli və çoxtərəfli gündəliyin geniş spektrini müzakirə ediblər: əməkdaşlığın siyasi, iqtisadi, humanitar aspektləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri. Bu cür müntəzəm təmasların olması faktı onu deməyə əsas verir ki, Moskva və Bakı bir-birindən uzaqlaşmaq fikrində deyil. Ancaq bu hamısı deyil. Həştərxanda iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib. Aleksey Overçuk və Şahin Mustafayev komissiyanın 23-cü iclasının yekunlarına dair protokol imzalayıblar. Bu, formallıq deyil, iqtisadi əlaqələrin dərinləşməsi üçün konkret vasitədir.

Rusiya tərəfinin məlumatına görə, bu gün Azərbaycanda Rusiya kapitallı 1800-ə yaxın şirkət fəaliyyət göstərir. Bundan başqa, Rusiya Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 10%-ni təmin etməklə Azərbaycanın üç ən böyük ticarət tərəfdaşı sırasındadır. Bu iqtisadi sferada iki ölkə arasında getdikcə daha sıx əməkdaşlıqdan xəbər verir. İqtisadi birlik güclənir və bu o deməkdir ki, Moskva Azərbaycana bundan sonra da sərt münasibət göstərə bilməyəcək. Ola bilsin ki, yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin tədricən istiləşməsinin şahidi olacağıq. Bəli, bir həftə əvvəl qeyri-mümkün görünən şey baş verə bilər. Son illərdə eşidilən bütün qarşılıqlı qınaqlar tez bir zamanda keçmişə çevrilə bilər. Və sonra rus təbliğatçıları yenidən Azərbaycan barədə güclü və müstəqil dövlət nümunəsi kimi danışacaq. Və belə olan halda sual yaranır: Ermənistan nə etməlidir? Açığı, Qərbə birtərəfli stavka özünü doğrultmur. Həm Rusiyanın maraqlarını, həm də Avropanın imkanlarını nəzərə alan balanslaşdırılmış xarici siyasət qurmaq daha ağıllı olardı. Amma bunun üçün başqa hökumət lazımdır - Parisdən və Brüsseldən sifariş almağa adət edən yox, ölkənin milli maraqlarını və strateji gələcəyini düşünən hökumət. Təəssüf ki, indi sırf nəzəri əsaslarla danışırıq. Axı bizim Ermənistanın bütün mümkün milli maraqlarına çoxdan xəyanət edən bir hökumətimiz var. Və o, real, ümummilli müqavimət görməyərək, bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır. Artıq “Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasının Ermənistan üçün çox faydalı olması” haqda söhbətlər eşidirik. Artıq aydındır ki, biz Rusiya ilə qarşılıqlı faydalı münasibətlər qurmaq fürsətini əldən vermişik, onu Azərbaycandan da çox öz əleyhimizə çevirmişik. Hansı ki, ümumiləşdirsək, Bakı Rusiya Federasiyası ilə bütün problemlərin aradan qaldırılmasına doğru gedir. Bəs biz? Yenidən uduzan tərəf olmaq riskimiz var. Və bunun günahkarı təkcə bizim hökumət olmayacaq”.

Tahir TAĞIYEV

Chosen
22
baki-xeber.com

1Sources