EN

Vətənə xidmət nümunəsi

"Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin,  bu günümüzün, gələcəyimizin dayağıdır". Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikirlər müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. 

Prezident İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər. Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.  

Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açmış, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və görkəmli oftalmoloq - alim, akademik Zərifə xanım Əliyeva olmuşlar.

Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi  vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başlamışdır. Mehriban xanım hələ ilk gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanmış, müvəffəqiyyətlərə nail olması ilə fərqlənmişdir. 

Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu Öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü kimi müasir  və müstəqil dövlətimizin qurulması və inkişaf etməsi  prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünyada qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir.

Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük  məsuliyyət götürərək, problemlərin dərinliyini dərk edərək, yaddan çıxmış sahələri ətalətdən çıxararaq onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Mehriban xanım Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması, təbliği  üçün ilk olaraq  "İrs" jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.

Mehriban xanımın fəaliyyətinin mahiyyətində mərhəmət və ülvilik hissi dayanır. Ölkənin birinci xanımının bu fikirləri sözlərimizi təsdiq edər: "Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır". O, Birinci xanım statusunda bənzərsiz və  özünəməxsusdur. Bütün fəaliyyətində işgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür..."

Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyaları yüksək səviyyədə davam etdirir. Fondun çoxşaxəli fəaliyyətini göz önündə canlandıranda belə bir əzəmətli mənzərədən heyrətlənməmək olmur. Mehriban xanımın qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdu. Bu məqsəd fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunduğu kimi, "milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir". Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, ICESCO-nun ilk qadın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir.

Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirir, hətta fəaliyyət göstərdiyi dövrdə ölkənin həm daxildə, həm də xaricdə vüsətli inkişafına, böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə öz fəaliyyətilə güclü dəstək verir. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərlidir. Dövlət başçısı Prezident İlham Əliyev Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, "Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir". 

Heydər Əliyev Fondu məhz milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətlidir. Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - Respublikanın Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevanın bilavasitə gərgin çalışmaları sayəsində həyata keçirilir.

Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, sevgi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək - bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Ölkənin Birinci vitse-prezidentinin bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da Onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir. Bütün bunları göz önünə alanda görürük ki, Mehriban xanım tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni anlamda, həm də ləyaqətlə davam etdirir. 

Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində ümid yerinə, xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib. Dara düşən, həlli müşkül problemlərlə qarşılaşan yüz minlərlə insan, ilk növbədə, onun adını tutur, ona məktub göndərir, onun qəbuluna yazılır. Və heç biri də ümidsiz qalmır. Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. O, tez-tez körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Fondun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Yeniləşən Azərbaycana yeni məktəb", "Tolerantlığın ünvanı - Azərbaycan", "Təhsilə dəstək" layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.

Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadınının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin müdrik, peşəkar bir siyasətçisi kimi qəbul edir, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini vurğulayır.

Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün yaradılan xüsusi mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi" baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir. Fondun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. "Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı" bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür. 

Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının,  keçmiş məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, problemlərini həll edir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı əsirgənmir.

Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005, 2010 və 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə 14 saylı Xəzər ikinci seçki dairəsindən deputat seçilmişdir. Birinci xanım  Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərmişdir. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz", - deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etmişdir ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur. 

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il mayın 8-də Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o, çıxışında qeyd etmişdir ki, "…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk". Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. Birinci xanım bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə minlərlə insanın azadlığa çıxmasına səbəb olmuşdur. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının  müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm çıxışlar etmiş və  bir çox qanun layihələrinin, o cümlədən "Gender  (qadın və kişi) bərabərliyinin təminatları", "Məişət zorakılığının qarşısının alınması" Azərbaycan Respublikasının qanunlarının, qadın və kişilər üçün nikah yaşının bərabərləşdirilməsi,  nikaha məcbur etməyə, xüsusi ilə həddi-büluğa çatmayanların nikaha məcbur edilməsi üzrə məsuliyyətin müəyyən olunması, nikahdan öncə tərəflərin icbari qaydada tibbi müayinədən keçmələri və digər mühüm  qanun layihələrinin  qəbul olunmasında  müstəsna xidmətləri olmuşdur. 

Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Onun fikrincə, "Ailəyə olan hörmət - Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biridir. Bu gün Azərbaycan qadını ana olmaqla öz ölkəsinin sosial həyatında fəal iştirak edir".  Mehriban xanımın təşəbbüsü ilə ailələrin rifahına yönələn maraqlı layihələr reallaşır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün bərabər imkanların yaradılması istiqamətlərində etdiyi çağırışlar qadın hərəkatının yeni mərhələsinin əsasını qoydu. "Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk. Mən bu yolda bütün Azərbaycan qadınlarını daha fəal olmağa, öz potensialını genişləndirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırıram". "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur" - söyləyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkir. "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm".

Ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı, verdiyi böyük dəstək idmançılarımızın beynəlxalq yarışlarda vətənə medallarla dönməsinə səbəb olur. Mehriban xanım Əliyevanın nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A" kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının  Azərbaycanda keçirilməsinə dair qərarların qəbul olunmasında həlledici rol oynayıb. Mehriban xanımın "Bakı-2015" Birinci Avropa Oyunları və 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat komitələrinin sədri kimi onun əməyi və bacarığı ən ali səviyyədə yüksək qiymətləndirilmişdir.  

Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri zənginliyi, dərin məzmunu ilə hər zaman cəmiyyətdə böyük maraq oyadır. Ağlına, zəkasına, böyük təşkilatçılıq bacarığına görə Mehriban xanımı başqa dövlətlərdə də tanıyır, sevir və rəğbətlə qarşılayırlar. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir.

Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəlmiş hərtərəfli fəaliyyəti  Azərbaycan qadınının cəmiyyətdəki  rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri  təcəssüm etdirməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. 

Mehriban xanım eyni zamanda Prezidentin ən yaxın silahdaşı, qayğıkeş ana, sevimli nənədir. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək böyük peşəkarlıq və səbir tələb edir. Bununla bağlı Mehriban xanım  deyir: "Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən, ilk növbədə, həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, nəvələrim var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm.  İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram". 

Adətən, biz gənc nəsli tarixi nümunələr əsasında tərbiyə edirik. Lakin Mehriban xanım özünün çoxşaxəli fəaliyyəti ilə bu gün gənc nəsil üçün vətənə xidmətin, milli ənənələrə sədaqətin canlı örnəyidir. İlk davamçıları isə övladlarıdır. Övladlar ki, əsl vətəndaş kimi insanpərvərlik, vətənpərvərlik ruhunda tərbiyə  olunublar  və biz bunu onların fəaliyyətlərində əyani şəkildə görürük. 

Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Onun beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın adı xüsusi qeyd olunmalıdır. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında Təşkilat Komitəsinin sədri kimi əsl fədakarlıq nümayiş etdirən Mehriban Əliyevanın 29 iyun 2015-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif olunmasıdır. 

Artıq 5 ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Vaxtilə Azərbaycanın həqiqətlərini, Ermənistanın torpaqlarımızı işğal etməsi, etnik təmizləmə siyasəti aparması, xalqımıza qarşı soyqırımının törədilməsini bütün dünyaya çatdıran, ölkəmizin haqq səsini ucaldan Mehriban  xanım indi  Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında böyük əzmlə iştirak edir. 

İnanırıq ki, Azərbaycan və Ermənistan arasında tezliklə yekun sülh sazişi  imzalanacaq. Əlbəttə ki, biz xalqımıza qarşı edilən ədalətsizliyi, haqsızlığı, müharibə cinayətlərini heç vaxt unutmayacağıq. Və buna haqqımız yoxdur. Lakin biz həm də irəliyə baxmalıyıq. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə  nəhəng quruculuq işləri aparılır. Böyük qayıdış Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində davam edir.

Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri, professor

1Sources