EN

Nəcib missiya

Torpaqlarını müharibə yolu ilə işğaldan azad edən, bütün əraziləri üzərində milli suverenliyinə nail olan, regionda və dünyada söz və nüfuz sahibi kimi tanınan və qlobal əməkdaşlığa töhfələr verən dövlət... Bu gün dünyanın harasında olmasından asılı olmayaraq, Azərbaycan deyəndə ilk yada düşən bu reallıqlar hər bir azərbaycanlının qürur və fəxr mənbəyidir. Ulu Öndər Heydər Əliyev ideayalarının təcəssümü, möhtərəm Prezident İlham Əliyevin müdrik, qətiyyətli və uzaqgörən siyasətinin nəticəsi olan bu həqiqətlər xalqımızı şərəfləndirməklə yanaşı,  Azərbaycan dövlətinin öz tarixinin ən qüdrətli dövrünü yaşadığını dünyaya nümayiş etdirir.

Mükəmməl nümunə

Uğurlarımız davamlıdır. Prezident İlham Əliyevin avqustun 7-8-də Vaşinqtona etdiyi işgüzar səfərinin nəticələri göstərdi ki, 44 günlük Vətən müharibəsində, birgünlük  antiterror tədbirlərində güc yolu ilə ədaləti yoluna qoyan, Azərbaycanın milli haqqını təmin edən Prezident İlham Əliyev həm də respublikamıza siyasi-diplomatik müstəvidə qələbələr qazandırır. Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri bütün tərəfləri ilə bir daha təsdiqlədi ki, dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını və mənafelərini uğurla, layiqincə qoruyur. Vaşinqtonda D.Tramp tərəfindən yüksək səviyyədə qarşılanma, olduqca səmimi atmosferdə keçirilən görüş, dövlətimizin başçısına Ağ Evin rəmzi açarının verilməsi cənab Prezident İlham Əliyevin qlobal səviyyədə ehtiram göstərilən siyasi lider olduğunu bir daha nümayiş etdirdi. 

Bütövlükdə, torpaqlarımızın işğaldan azad olunması nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi bir mərhələni şərəflə başa vurdu. Daxil olduğumuz yeni mərhələdə isə qarşıda duran vəzifələr Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, regionda dayanıqlı və etibarlı sülhün bərqərar olunmasıdır. Bütün bunlarla yanaşı, Azərbaycanın nəqliyyat qovşaqlarının kəsişdiyi ölkə kimi regionda rolunun daha da artması, "yaşıl enerji"yə sürətli keçid etməsi qədəm qoyduğumuz  mərhələdə respublikamız üçün formalaşan yeni çağırışlar, prioritetlər deməkdir. İndi biz haqlı olaraq daxil olduğumuz yeni siyasi, sosial və iqtisadi mərhələdə dövlət və vətəndaş olaraq qarşımızda dayanan vəzifələrdən və üzərimizə düşən məsuliyyətdən bəhs edirik.   Bu dövrün mənzərəsi və reallıqları ondan ibarətdir ki, Azərbaycan dövləti yeni çağırışlara vaxtında cavab verir  və qarşıya qoyduğu prioritetlərin uğurla həyata keçməsini təmin edir.

Vətəndaş olaraq üzərimizə düşən məsuliyyətə gəldikdə, bu gün vətənini və xalqını sevən hər bir vətəndaş milli və mənəvi təəssübkeşlik nümayiş etdirməli, dövlətimizin başçısı ətrafında səfərbər olmalı, respublikamızın qarşısında dayanan yeni prioritetlərin həyata keçirilməsində yaxından iştirak etməli və dəstəyini əsirgəməməlidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın siyasi-ictimai fəaliyyəti, gördüyü işlər və fəal vətəndaşlıq mövqeyi bu məsələdə hər birimiz üçün ən mükəmməl nümunədir. Mehriban xanım Əliyeva öz əməlləri ilə dövlətə və xalqa xidmətin, milli təəssübkeşliyin ən gözəl nümunələrini yaradıb. Onun bu vəzifələrdə həyata keçirdiyi çoxməzmunlu fəaliyyəti respublikamızın yüksəlişinə, həssas və qayğıya ehtiyacı olan vətəndaşların sosial rifahının yaxşılaşmasına, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə  xidmət edir. Onun Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ICESCO-nun xoşməramlı səfiri kimi daşıdığı vəzifələr isə Azərbaycanın milli-mədəni irsinin qorunmasına və dünyada təbliğinə, o cümlədən idmanın gimnastika növünün respublikamızda inkişafına layiqli töhfələr verib.  

Mehriban Əliyeva müstəqil Azərbaycanın tarixində həm də ilk dəfə olaraq birinci xanımlıq institutunu formalaşdırıb. Məlum olduğu kimi, birinci xanımlıq institutu dünyanın bütün sivil dövlətlərində hakimiyyətin vacib atributlarından və ictimai fəaliyyətin ən mühüm istiqamətlərindən biridir. 2003-cü ilin oktyabrından bu missiyanı layiqincə həyata keçirən  Mehriban Əliyeva cəmiyyətin həyatına yeni daxil olan bu yeni fəaliyyət anlayışını uğurla realizə edib. Müsahibələrinin birində Mehriban Əliyeva bununla bağlı deyib: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür... Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq, bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm".

Mehriban Əliyeva bu missiyası ilə həm birinci xanımlığın mükəmməl nümunəsini yaradıb, həm bütün dünyaya Azərbaycan qadınının ən nümunəvi və gözəl mənəvi dəyərlərin daşıyıcısı olduğunu nümayiş etdirib.

Milli amallar və ülvi dəyərlər uğrunda

Gördüyü bütün işlərin mərkəzində Heydər Əliyev ideyalarına bağlılıq dayanan Mehriban Əliyevanın ümummilli məqsədlərə xidmət edən fəaliyyəti Azərbaycan ictimaiyyətinə  1990-cı illərdən məlumdur. Onun 30 il əvvəl, 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyət Fondunun milli mədəniyyətimizin dünyada təbliğ edilməsi və daha yaxından tanıdılması sahəsində həyata keçirdiyi əzmkar fəaliyyətin təməlində məhz Mehriban Əliyevanın peşəkarlığı, işgüzarlığı və vətən sevgisi dayanır.  Azərbaycan Mədəniyyət Fondunun  gördüyü işlərin nəticəsində muğam sənətinin, xalq musiqisinin qorunması, inkişafı, təbliği istiqamətində mühüm layihələr həyata keçirilib, xalqımızın milli mədəniyyət nümunələri UNESCO-nun irs siyahısına salınıb. Hansı ki, bunlar son nəticədə əsas dövlətçilik məqsədini - Azərbaycanın dünyada tanıdılmasını uğurla təmin edib. Bununla da həmin maddi və mədəni irsin tarixi sahiblərinin Azərbaycan xalqı olduğu dünyaya bəyan edilib. Və elə bu fəaliyyətin nəticəsi kimi Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanı hələ 1990-cı illərdən yüksək mənəvi idealların və dəyərlərin yorulmaz daşıyıcısı, milli-mədəni dəyərlərimizə olduqca bağlı bir vətəndaş, mədəniyyətimizin fədakar qoruyucusu və təbliğatçısı kimi tanıyır. 

Ümummilli Lider Heydər Əliyevin ideyaları ilə silahlanan, babaları Mir Cəlal Paşayev, Nəsir İmanquliyev kimi korifeylərdən, görkəmli elm adamları Arif Paşayev, Aida İmanquliyeva və Zərifə Əliyeva kimi şəxsiyyətlərdən mənəvi güc alan Mehriban Əliyevanın bağlı olduğu dəyərlər özündə ən yüksək milli-mənəvi idealları təcəssüm etdirir. Elə bağlı olduğu yüksək mənəvi dəyərlərdən irəli gələrək Mehriban xanım Əliyevanı tək Azərbaycanda deyil, dünyada daha yaxından tanıtdıran və ona böyük ehtiram qazandıran amillərdən biri onun insanlara təmənnasız yaxşılıq etmək, hər zaman maddi dəstəyə ehtiyacı olanların yanında olmaq kimi nəcib və sosial missiya həyata keçirməsidir. Xeyirxahlıq, mərhəmət, şəfqət kimi savab əməllər onun həyat fəlsəfəsinin, daşıdığı dəyərlərin ayrılmaz hissəsidir. Ona görə Mehriban Əliyeva həm də böyük xeyriyyəçi, onun prezident olduğu Heydər Əliyev Fondu isə Azərbaycanda və onun hüdudlarından kənarda məhz xeyirxahlıq, mərhəmət və ümid ünvanı kimi tanınır. 

Ulu Öndər Heydər Əliyevin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün yaradılan fond 21 ildən artıqdır ki, respublikamızın ictimai, mədəni və sosial həyatının ən müxtəlif sahələrində əsaslı və böyük nəticələri olan proqram və layihələr həyata keçirir. Bu layihələr respublikamızda təhsilin, səhiyyənin, idmanın inkişafında, mədəni və tarixi dəyərlərimizin qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın, xüsusilə körpə və uşaqların müalicəsində, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsində böyük rol oynayır. Qeyri-hökumət təşkilatı olsa da, Mehriban xanım Əliyevanın sayəsində Heydər Əliyev Fondunun fəaliyyəti respublikamızın yüksəlişinin qeyri-institusional və effektiv amili kimi özünü göstərir. Fondun fəaliyyəti həm də ölkəmizdə xeyriyyəçilik institutunun formalaşmasında əhəmiyyətli rol oynayır.

Ölkəmizdə təhsilin inkişafına xidmət "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi Heydər Əliyev Fondunun uğurla həyata keçirdiyi sosial layihələrdən biridir. Bu layihə çərçivəsində indiyədək yüzlərlə məktəb binasının inşa olunması və təhsillə bağlı digər tədbirlərin həyata keçirilməsi, o cümlədən uşaq və körpələr evlərinin, uşaq bağçalarının tikilməsi və yenidən qurulması, ilk növbədə, Mehriban Əliyevanın fəal vətəndaşlıq mövqeyinin təzahürüdür.

Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi qarşıya qoyduğu ən ümdə vəzifələrdən biri milli genefondumuzun qorunması, bu sırada müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən uşaqların müalicə olunaraq sağlam həyata dönüşüdür. Fondun bu istiqamətdə reallaşdırdığı "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri indiyədək neçə-neçə xəstə uşağa şəfa bəxş edib. Fond tərəfindən Psixonevroloji Uşaq Mərkəzinin, Talassemiya Mərkəzinin, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin, Autizm Spektr Pozuntulu Uşaqlar üçün Bərpa Mərkəzinin yaradılması, onlarla xəstəxananın inşası məhz Mehriban Əliyevanın nəcib missiyasının, bağlı olduğu ülvi və mərhəmət dəyərlərinin növbəti göstəricisidir. Bununla da Prezident İlham Əliyevin inkişaf siyasətinə böyük dəstək verən fondun keçirdiyi tibbi aksiyalar nəticəsində minlərlə vətəndaşımız sağlam həyata qovuşub. Yaşlılara, tənha vətəndaşlara, kimsəsizlərə hər zaman dayaq olan Mehriban Əliyeva ona edilən müraciətləri xüsusi diqqət mərkəzində saxlayır, köməyə ehtiyacı olanlara himayədarlığını əsirgəmir.

Bunlarla yanaşı, Heydər Əliyev Fondu milli və vətənpərvər dəyərlərə bağlı gənc nəslin formalaşdırılması, Azərbaycan həqiqətlərinin, o cümlədən artıq həllini tapmış Dağlıq Qarabağ məsələsi ətrafında Azərbaycanın haqlı və ədalətli mövqeyinin dünya ictimiyyətinə çatdırılması, beynəlxalq səviyyədə erməni yalanlarının ifşa edilməsi, Xocalı soyqırımının tanıdılması, qlobal səviyyədə sivilizasiyalararası dialoqun təşviqi sahəsində də əvəzsiz fəaliyyət həyata keçirməkdədir. Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondunun dünyanın müxtəlif şəhərlərində, ən mötəbər ünvanlarda Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu və irsi özəlliklərini müvəffəqiyyətlə təbliğ etməsi vətənə və xalqa layiqli xidmətin təzahürüdür.

"2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir... Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur", - deyə Prezident İlham Əliyev bildirmişdir.

Bütövlükdə, fəaliyyət və məqsədləri kifayət qədər geniş olan, ictimai həyatın, demək olar ki, bütün sahələrini  əhatə edən, cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondu öz fəaliyyəti ilə cəmiyyətdə həm  ümid və pənah məbədi, həm də milli təəssübkeşliyin ünvanı  kimi tanınır. 

Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinin başqa məqamı bu missiyanın yalnız Azərbaycanla kifayətlənməməsi, respublikamızın hüdudlarını aşmasıdır. Bu mənada Heydər Əliyev Fondu Azərbaycanın sərhədlərindən uzaqlarda da ölkəmizlə bağlı yüksək ictimai rəyin yaradılmasında mühüm nailiyyətlərə imza atıb. Bu sırada fond tərəfindən dost və qardaş Pakistanda həyata  keçirilən xeyriyyəçilik tədbirlərini xüsusi qeyd edə bilərik. Burada baş verən dağıdıcı zəlzələdən sonra Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbinin tikintisi, habelə Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə layihələrin həyata keçirilməsi Mehriban Əliyevanın həm xeyriyyəçilik missiyasının, həm də Pakistan xalqına olan səmimi münasibətinin təcəssümüdür. Bütün bunlar, o cümlədən Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Fransada, Rusiyada, Vatikanda, Romada həyata keçirilən layihələr yalnız bu dövlətlərdə deyil, qlobal səviyyədə mədəni və tarixi dəyərlərin qorunmasını dəstəkləyən hər kəs tərəfindən təqdir olunur, razılıq və minnətdarlıqla qarşılanır. Ən əsası, böyük qürur hissi ilə qeyd etməliyik ki, Heydər Əliyev Fondunun ayrı-ayrı dövlətlərdə keçirdiyi xeyriyyə tədbirləri, gördüyü bərpa və quruculuq işləri  Azərbaycanın dünyada daha yaxından tanınmasına, respublikamız barəsində antiazərbaycançı dairələr tərəfindən formalaşdırılan yanlış və qərəzli stereotiplərin aradan qaldırılmasına xidmət edir.  

Etimada sədaqətlə

Mehriban Əliyeva həm də ona göstərilən siyasi-icitmai etimadı ən yüksək səviyyədə doğruldan və bununla dövlətə, xalqa layiqli xidmətin nümunələrini yaradan siyasi xadimdir. Bu sırada onun Milli Məclisin deputatı kimi 2005-2017-ci illərdə həyata keçirdiyi fəaliyyətini xüsusi qeyd edə bilərik. 3 çağırış Azərbaycan Milli Məclisinin üzvü seçilən Mehriban Əliyeva bu dövrdə deputatlıq fəaliyyətinin də mükəmməl örnəyini yaradıb. Mehriban Əliyeva yalnız seçildiyi seçki dairəsini əhatə edən yaşayış məntəqələrinin və onun sakinlərinin deputatı olmayıb, ona müraciət edən hər kəsin, Azərbaycanın bütün bölgələrinin vəkili olub. Onun parlamentin müzakirəsinə təqdim etdiyi məsələlər, o cümlədən əlamətdar hadisələrlə bağlı amnistiya elan edilməsinə dair qərar layihələri Milli Məclisin tarixində daim xatırlanacaq. Milli Məclisin deputatı, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri kimi Mehriban Əliyeva respublikamızın beynəlxalq münasibətlərinin inkişafına layiqli töhfələr verib.

Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanı ona həvalə edilən bütün vəzifələri ən yüksək səviyyədə, işgüzarlıqla yerinə yetirən bacarıqlı təşkilatçı kimi tanıyır. Respublikamızda 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsinin, bütün dünyanın bu təşkilatçılığa heyran olmasının əsas səbəblərindən biri sözügedən tədbirlərin təşkilat komitələrinə rəhbərliyin Prezident İlham Əliyev tərəfindən məhz Mehriban Əliyevaya həvalə olunması idi. 

Mehriban Əliyevanın  respublikamız qarşısındakı digər xidməti idmanın inkişafına verdiyi töhfələrdir. Onun Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi səmərəli və uğurlu fəaliyyəti ölkəmizdə idmanın bu növünün daha da inkişafında və populyarlaşmasında mühüm rol oynayır. Son illərdə idmançılarımızın gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr hər birimizi sevindirir. Mehriban Əliyeva, eyni zamanda  idmançıların  yaxın dostudur. Dünyanın birnömrəli idman yarışması olan Yay Olimpiya Oyunlarında fəxri kürsüyə yüksəlmiş idmançılarımıza Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi  Mehriban Əliyevanın idmanın inkişafına göstərdiyi diqqət və qayğısının göstəricisi, eyni zamanda respublikamızda həyata keçirilən idman siyasətinə verilən töhfənin təcəssümüdür.

Bütün qeyd olunanlar Mehriban Əliyevaya Azərbaycan cəmiyyətinin, xalqımızın böyük rəğbətini və ehtiramını qazandırıb. Ona görə Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması cəmiyyətdə böyük rəğbət və razılıqla qarşılandı.

Prezident İlham Əliyevin sədrliyi ilə 21 fevral 2017-ci ildə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən onun fəaliyyətinə diqqət çəkərək bildirmişdi: "Bax bu çoxşaxəli fəaliyyət və eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır". Dövlət başçısı belə bir əminliyi ifadə etdi ki, Mehriban xanım bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. 

Həmin vaxt Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi çıxışında gələcək fəaliyyətinin prinsiplərini açıqlayaraq demişdi: "Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam". 

Respublikamızda dövlət idarəçiliyində Birinci vitse-prezidentlik institutu 2016-cı ildə keçirilmiş referendumdan sonra Konstitusiyada təsbit olunub. Bu, prezidentdən sonra başlayan idarəetmə məqamıdır. Əlbəttə, idarəetmənin belə yüksək pilləsində fəaliyyət göstərəcək dövlət adamının nümunəvi keyfiyyətlərə malik olması vacibdir. Bütün bunlar isə Mehriban Əliyevanın həm fəaliyyətində, həm də xarakterində öz əksini tapıb. Başqa cür desək,  Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə ən layiqli namizəd olduğunu buna qədər həyata keçirdiyi fəaliyyətlə və yüksək mənəvi keyfiyyətləri ilə təsdiq etmişdi.

Birinci vitse-prezident vəzifəsinə təyin olunması həm də Mehriban Əliyevanın buna qədər gördüyü işlərə verilən ali qiymət və eyni zamanda fəaliyyətində yeni missiyanın başlanması demək idi. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi həyata keçirdiyi məzmunlu fəaliyyət göstərirdi ki, Mehriban Əliyeva ona etimad göstərilən yeni missiyasını da uğurla həyata keçirəcək, dövlətə və xalqa xidmətin yeni nümunələrini yaradacaq. 

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz yeni missiyasının icrasına ilk olaraq keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından və 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən, onların cəmiyyətə inteqrasiyasından başlamışdı. Qısa müddətdə bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirildi, uğurlu nəticələr əldə olundu. Bütün bunlar ondan xəbər verirdi ki, sosial məsələlər Mehriban Əliyevanın Birinci vitse-prezident kimi də diqqət yetirəcəyi məsələlər olacaq.

Koronavirus pandemiyası zamanı da Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın fəal vətəndaşlıq mövqeyinə şahidlik etdi. Məhz Mehriban Əliyevanın təşəbbüsləri ilə pandemiya günlərində ölkəmizə xaricdən xüsusi tibbi ləvazimatların, avadanlıqların, laboratoriyaların alınıb gətirilməsi təmin edildi, habelə xarici ölkələrdən həkimlər dəvət olundular. Pandemiya günlərində Mehriban Əliyeva evdən çıxa bilməyən yaşlı, tənha və qayğıya ehtiyacı olan insanları xüsusi diqqət mərkəzində saxladı, Heydər Əliyev Fondu tərəfindən belə vətəndaşlarımızın evlərinə mütəmadi olaraq ərzaq sovqatı göndərildi.

Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında da Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri böyükdür. Onun Birinci vitse-prezident kimi xarici dövlətlərə etdiyi səfərlər, Bakıda müxtəlif dövlətlərin rəhbər şəxsləri ilə keçirdiyi görüşlər Azərbaycanın xarici siyasət kursunun uğur qazanmasında mühüm rol oynayır.

Vətənpərvərliyin təcəssümü

Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın fəal vətəndaşlıq missiyasına 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də şahidlik etdi. Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qarşılandı. O, hər zaman şəhid analarının yanında oldu, qazilərimizin şəfqət alması üçün əlindən gələni əsirgəmədi. Mehriban Əliyevanın torpaqlarımızın azad olunması uğrunda milli mübarizəyə verdiyi yüksək siyasi-mənəvi dəstək, sosial şəbəkələrdə xalqımızı milli birliyə, müzəffər ordumuzu zəfərə ruhlandıran müraciətləri, paylaşımları, müharibə başa çatdıqdan sonra dövlətimizin başçısı ilə birgə işğaldan azad edilmiş ərazilərə səfərləri bir daha onun vətənpərvərliyinin, yüksək milli dəyərlərə bağlılığının  göstəricisinə çevrildi.

Mehriban Əliyeva Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi prosesində Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Cənab İlham Əliyevlə yanaşı, Mehriban Əliyeva da işğaldan azad edilmiş ərazilərdəki quruculuğun memarlarındandır. Azad edilmiş ərazilərdə, Şuşada, Ağdamda, Zəngilanda  Heydər Əliyevin Fondunun həyata keçirdiyi çoxsaylı quruculuq layihələri, ermənilər tərəfindən dağıdılmış milli və tarixi mədəniyyət nümunələrimizin, məscidlərimizin bərpası Mehriban Əliyevanın vətənpərvərliyinin təcəssümüdür.

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ötən 8 ildən artıq fəaliyyət dövrü göstərir ki, o, həm qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirir, həm də Birinci vitse-prezident institutunun dövlət idarəetməsindəki rolunun əhəmiyyətini təsdiq edir.

Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan siyasi xadimdir. 2021-ci il martın 5-dən YAP Sədrinin birinci müavini vəzifəsini həyata keçirən Mehriban Əliyeva Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ən yaxın siyasi silahdaşı kimi partiya fəaliyyətinin daha dinamik həyata keçirilməsinə, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Heydər Əliyev partiyasında qadınların fəallığının artırılmasına böyük töhfələr verir. Mehriban Əliyeva respublikamızda qadın hərəkatının da önündə gedərək beynəlxalq səviyyədə Azərbaycan qadınlarını layiqincə təmsil edir. Bu fəaliyyət Azərbaycan qadınının mərhəmət, xeyirxahlıq və digər bu kimi mənəvi və əxlaqi dəyərlərin daşıyıcısı olduğunu dünyaya nümayiş etdirir.

Öz əməlləri ilə Prezident İlham Əliyevin inkişaf siyasətinə dəstək verən,  dövləmizin və xalqımızın rifahı, yüksəlişi üçün əzmlə çalışan Mehriban Əliyeva ölkə istimaiyyətinin əbədi ehtiramını qazanıb. O, özünün işğüzarlığı, fəal dövlətçilik mövqeyi, humanizm prinsiplərinə söykənən təşəbbüsləri ilə əsl vətəndaş modeli yaradıb. Onun dövlətə və xalqa xidmət missiyası çoxməzmunlu fəaliyyətinin ana xəttini təşkil edir. Mükəmməl mənəvi dəyərlərin tərənnümçüsü kimi Mehriban Əliyeva intellektual Azərbaycan qadınının ən gözəl nümunəsini nümayiş etdirir. 

Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

2Sources