EN

Tramp məşhur qaradərili  qubernatoru  vəzifədən  qovdu

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (Fed) qubernatoru Lisa Kuku ipoteka fırıldaqçılığı ilə bağlı iddialar əsasında vəzifəsindən azad edib.

Vətəninfo.az xəbər verir ki, Tramp bazar ertəsi Kukaya məktub ünvanlayaraq, onu müttəfiqlərindən birinin ikinci evini əsas yaşayış yeri kimi təqdim edərək ipoteka əldə etməsi ilə bağlı ittihamlar səbəbilə “dərhal qüvvəyə minməklə” vəzifədən uzaqlaşdırıldığını bildirib. Sözügedən iddialar hələ təsdiqlənməyib. Kuk isə ötən həftə açıqlamasında istefaya getmək niyyətində olmadığını və bütün suallara ciddi yanaşacağını demişdi.

“Mən Fed üzvü kimi maliyyə tariximlə bağlı yaranmış hər hansı suallara cavab verməyə və faktları təqdim etməyə hazıram”, – deyə Kuk bildirmişdi.

Tramp məktubun tam mətnini sosial şəbəkədə paylaşaraq, onun işdən azad edilməsinə “kafi əsas” olduğunu vurğulayıb.

Lisa Kukun vəzifədən uzaqlaşdırılması Trampa Federal Ehtiyat Sisteminin siyasətinə daha çox təsir etmək imkanı verir. İndiyə qədər onun faiz dərəcələrinin azaldılması ilə bağlı çağırışları Fed tərəfindən rədd edilirdi.

Qalmaqal və siyasi reaksiyalar

Lisa Kuk siyasətçi olmasa da, Trampın faiz endirimləri tələblərinə qarşı çıxan yüksək vəzifəli Fed rəsmilərindən biri olub. O, 2022-ci ilin mayında Prezident Co Bayden tərəfindən vəzifəyə təyin olunaraq Fed İdarə Heyətinə daxil olan ilk qaradərili qadın olmuşdu. Onun mandatı 2038-ci ilə qədər davam etməli idi.

Tramp administrasiyası son aylarda ipoteka fırıldaqçılığı iddiaları ilə siyasi rəqiblərinə qarşı təzyiqləri artırıb. Nyu-Yorkun baş prokuroru Letitia Ceyms və Kaliforniya senatoru Adam Şiff də bu çərçivədə hədəfə alınıb, lakin hər iki şəxs ittihamları rədd edib.

May ayında ABŞ Ali Məhkəməsi prezidentin Fed kimi müstəqil agentliklərin rəhbərlərini səbəbsiz vəzifədən uzaqlaşdırmaq səlahiyyətinin olmadığını bildirmişdi. Bu da Trampın addımının hüquqi baxımdan mübahisəli olduğunu göstərir.

İddiaların mərkəzində 2021-ci ildə Lisa Kukun iki fərqli mülkü əsas yaşayış yeri kimi göstərməsi dayanır. Araşdırmalara Tramp tərəfindən təyin edilmiş Federal Mənzil Maliyyəsi Agentliyinin rəhbəri Bill Pulte rəhbərlik edir. O, sosial şəbəkədə paylaşım edərək, “Bu qadın öz faizlərinə kömək etmək üçün yalan danışırsa, necə faiz dərəcələrinə cavabdeh ola bilər?” – deyə sual edib və məsələni Ədliyyə Nazirliyinə yönləndirib.

Demokratlardan və iqtisadçılardan sərt tənqidlər

Senatın demokrat lideri Çak Şumer Trampın addımını sərt tənqid edib:
“Donald Tramp iqtisadiyyatımızın əsas sütunu ilə təhlükəli bir Jenga oyunu oynayır. Əgər bu özbaşınalıq dayandırılmazsa və iqtisadiyyat çökərsə, bunun məsuliyyəti Trampın üzərində olacaq”, – deyə Şumer bildirib.

Senator Elizabeth Warren isə Trampın bu addımını “avtoritar güc ələ keçirmə” adlandırıb və bunun Federal Ehtiyat Aktına zidd olduğunu bildirib:
“Bu, çarəsiz bir prezidentin öz iqtisadi uğursuzluğunu ört-basdır etmək üçün günah keçisi axtarmasının daha bir nümunəsidir”, – deyə Warren əlavə edib.

İqtisadçılar və ekspertlər də bu qərarın iqtisadi nəticələrinin ciddi ola biləcəyi barədə xəbərdarlıq ediblər. Employ America təşkilatının rəhbəri və keçmiş Fed iqtisadçısı Skanda Amarnath bildirib:
“Bu cür qeyri-qanuni hərəkətlər dolların zəifləməsinə səbəb olur və bu, son nəticədə amerikalılar üçün daha yüksək qiymətlər deməkdir.”

Powell-ın mövqeyi və iqtisadi risklər

Fed sədri Jerome Powell isə ötən həftə çıxışında yaxın aylarda faiz dərəcələrinin azaldıla biləcəyinə işarə etsə də, Trampın tarif və immiqrasiya siyasətlərinin yaratdığı iqtisadi risklərə diqqət çəkib.

“Yeni tariflər və daha sərt immiqrasiya siyasəti əmək bazarında artımı zəiflədib”, – deyə Powell qeyd edib.

Ekspertlər Lisa Kukun bu səbəbdən vəzifədən uzaqlaşdırılmasının Fed-in müstəqilliyinə ciddi zərbə vuracağı və gələcəkdə ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyi barədə xəbərdarlıq edirlər.

Chosen
14
veteninfo.az

1Sources