Mikro və kiçik sahibkarlara “Startap” şəhadətnamələrinin verilməsi davam etdirilir. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının iclasında daha 14 müraciətə baxılıb və onlardan 5-i sözügedən sənədi əldə edib. Bununla da “Startap” şəhadətnaməsi əldə edən sahibkarların sayı 220-yə çatıb. Xatırladaq ki, KOB subyektləri şəhadətnaməni almaqla innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və ya gəlir vergisi ödəmirlər.
“vergiler.az” ənənəni davam etdirərək, “Startap” şəhadətnaməsi alan sahibkarların təqdim etdiyi yeniliklərlə maraqlanıb.
Universitetə qəbulda yeni yanaşma: fərdi bacarıqlara fokuslanan platforma
Universitetə qəbul üçün hər bir ölkənin özünəməxsus daxili sistemi olsa da, çox zaman qəbul standart test üsulu ilə aparılır. IELTS, TOEFL, SAT kimi beynəlxalq test nəticələri də ali məktəblərə qəbul olunmaq üçün əsas verir. Ancaq son zamanlar aparıcı universitetlər fərdi keyfiyyətlər, yaradıcılıq, liderlik, komandada işləmək kimi vacib nüansları da nəzərə almağa başlayıblar. “Startap” şəhadətnaməsi alan “Taskool” layihəsi universitetlərə qəbul üçün alternativ bir sistem təqdim edir. Layihənin təsisçisi Nəriman Qaraxani deyir ki, bu platforma məktəbdən kənar bacarıqların inkişafı üçün gənclərə meydan verəcək. Platforma istifadəçiləri öz həmyaşıdları ilə əlaqə qura, müxtəlif layihələr ətrafında birgə işləyə biləcəklər. Bütün bu göstəricilər, aktivlik sistem tərəfindən saxlanılacaq və gələcəkdə şagirdlərin universitetlərə müraciətləri zamanı istifadə olunacaq.
Platformada qeydiyyatdan keçən hər bir gənc özünə profil yaratmalıdır ki, bu da bir növ CV rolunu oynayacaq. Yəni şagirdin bütün bacarıq və bilikləri burada əksini tapacaq. Şagirdlər platformada mövcud olan STEAM layihələr bankından öz maraq dairələrinə uyğun işləri götürərək, praktiki formada işləyə bilərlər. Platformadakı olimpiada mərkəzində isə fənlərarası formatda bilikləri yoxlamaq və göstəriciləri qəbul zamanı ali təhsil müəssisələrinə təqdim etmək mümkün olacaq.
Dünyanın hər yerində universitetlərin daha bacarıqlı gəncləri cəlb etmək üçün rəqabət apardığı bir dövrdə, “Taskool” məhz belə gəncləri kəşf etməkdə alternativ bir sistem rolunda çıxış edir.
N.Qaraxani deyir ki, bazara ilkin addımlarını atan layihə üçün dəstək tədbirləri önəmlidir. Bu baxımdan “Startap” şəhadətnaməsinin verdiyi imkanlar sayəsində qənaət ediləcək məbləğ layihənin sağlam təməllər üzərində irəliləməsi üçün xərclənəcək.
Platformada məktəblərin də böyük rolu var. N.Qaraxaninin sözlərinə əsasən, məktəblər prosesə cəlb olunaraq öz şagirdlərinin imkanlarını izləyə, onların inkişafına dəstək ola biləcək. Bu o deməkdir ki, artıq məktəblər universitetlərin tələblərinə uyğun abituriyent hazırlamağa fokuslanacaq. “Taskool” artıq Azərbaycanla yanaşı, 7 ölkədə yayılıb.
Zaman və vəsaitə qənaət: evdən çıxmadan universitetə hazırlaş
Artıq universitetə qəbul olunmaq üçün kursa, müəllim yanına getməyə, tıxacda saatlarla zaman itirməyə ehtiyac yoxdur. Əgər internetə çıxışınız varsa, oturduğunuz yerdən buraxılış imtahanına, ali təhsil müəssisələrinə qəbul imtahanlarına, müəllimlərin işə qəbulu (MİQ), dövlət qulluğu və digər karyera yönümlü imtahanlara hazırlaşmaq mümkündür. Bütün bu sadalanan yeniliklər “Onrepetitor” platforması ilə əlçatandır. Layihənin təsisçisi Rəsan Mehrəliyev bildirir ki, imtahan verəcək namizədlər platforma üzərindən seçəcəkləri fənn üzrə həftədə 2 dəfə interaktiv onlayn canlı dərsə qoşula biləcəklər. Bundan əlavə, onlara xüsusi hazırlanmış mövzuya uyğun unikal videodərslər, hər dərsdən sonra mövzuya uyğun interaktiv testlər və onların ətraflı videoizahları təqdim ediləcək. Bundan əlavə, platformada daxili aylıq sınaqlar da keçiriləcək ki, bu da abituriyentin hazırlıq səviyyəsini ölçməyə və doğru istiqamətləndirməyə imkan verəcək. Platformada şagirdin hazırlıq səviyyəsi mütəmadi izlənilir və nəticələri barədə valideynlərə məlumat təqdim olunur. Şagirdlərə fərdi məsləhətçi müəllim də təyin olunacaq və həmin pedaqoq abituriyentin hazırlığını, platforma daxili nəticələrini mütəmadi izləyəcək.
R.Mehrəliyev deyir ki, bütün hazırlıq bir yerdə təqdim edildiyi üçün zaman və vəsaitə qənaət etmək mümkündür. Bir sözlə, namizədlər evdən çıxmadan, xərcləri nəzərəçarpacaq dərəcədə azaldaraq imtahana tam hazırlaşa bilərlər. Ənənəvi hazırlıq sistemlərinə nisbətən 60 faizədək daha əlverişli qiymətlər təklif olunur ki, bu da aztəminatlı ailələrin övladları üçün də təhsilə çıxış imkanı deməkdir.
Platforma daxilində DİM-in ali məktəblərə qəbul proqramını tam əhatə edən bütün mövzular üzrə geniş və aydın izahlı videodərslər təqdim olunur. Sözügedən videodərslər bütün ixtisas qruplarındakı fənlərin mövzularını sistemli şəkildə əhatə edir. Namizədlər qəbul proqramı əsasında hazırlanmış 5.000-dən çox ətraflı və aydın izahlı videodərs, geniş test bankı, 20.000-dən çox sualın vizual və videoformatda izahı ilə biliklərini evdən çıxmadan artıra biləcəklər.
Saytda “Sualını ver” pəncərəsi yerləşdiriləcək. Bununla da namizədlər dərs və ya testlərlə bağlı suallarını verib, dərhal cavab ala biləcəklər.
Hazırda “Onrepetitor” tam orta təhsil üzər buraxılış imtahanlarına uyğunlaşdırılmış 3 əsas fənn - Azərbaycan dili, riyaziyyat və ingilis dili üzrə paketlər təqdim edir. Yaxın zamanda isə platformada bütün ixtisas qrupları üzrə kompleks ali məktəbə hazırlıq paketləri gözə dəyəcək.
Müəllimlərin işə qəbulu (MİQ) imtahanına hazırlaşan şəxslər üçün də xüsusi proqramların istifadəyə verilməsi planlar arasındadır.
Platformaya yaxın zamanda əlavə ediləcək 2 mühüm panel isə müəllimlərin işini asanlaşdırmaqla yanaşı, valideynləri də mütəmadi məlumatlandıracaq. Müəllimlər üçün ayrılan paneldə onlar öz tələbələrini izləyə, tapşırıqlar göndərə və nəticələri real vaxtda təhlil edə, valideynlər isə övladlarının dərslərə davamiyyəti, fəaliyyətləri, test nəticələri və ümumi inkişafını aydın şəkildə izləyə biləcəklər.
R.Mehrəliyev “Startap” şəhadətnaməsinin verdiyi imkanlarla qənaət ediləcək məbləği daha çox plaformanın texniki inkişafına yönləndirəcəklərini deyir. Bu güzəşt eyni zamanda layihənin marketinq baxımından inkişafı və bazarda özünə layiqli yer tutması üçün ilkin dəstək olacaq.
Kağızı unudun: bina idarəçiliyində rəqəmsal həllər mövcuddur
Rəqəmsallaşma dövründə yaşasaq da, yaşayış binalarının idarə olunması hələ də kağız üzərində, ənənəvi və vaxt aparan metodlarla həyata keçirilir. Məhz bu problemi həll etmək üçün yaradılmış “MənzilPark” startapı bina idarəçiliyi sahəsində inqilabi yeniliklər təqdim edir.
Yenicə “Startap” şəhadətnaməsi alan “MənzilPark” bu problemlərin aradan qaldırılması üçün effektiv və mərkəzləşdirilmiş həll yolu təqdim edir. Belə ki, tətbiq həm bina sakinləri, həm də idarəçilər üçün müxtəlif funksiyalar təklif edərək idarəetməni daha çevik və şəffaf edir. Artıq sakinlər tətbiq üzərindən müraciətlərini rahat şəkildə göndərə, ödənişlərini onlayn həyata keçirə və xidmətlər sifariş edə bilirlər. Eyni zamanda, idarəçilər üçün ödəniş axınının izlənməsi, texniki xidmətlərin təşkili, giriş və parkinq sistemlərinin idarə olunması kimi gündəlik vəzifələr daha asan və çevik şəkildə yerinə yetirilir. Çox vaxt sakinlər yaranan problemlər ilə bağlı kimə müraciət etmək lazım olduğunu bilmirlər və ya məsul şəxslər ilə birbaşa əlaqə qurmaq istəmirlər. Belə olan təqdirdə binada olan problemlər öz həllini tapmır və ya ən yaxşı halda uzun müddətdən sonra həll olur. Bunu yaxşı başa düşməyimiz üçün fərz edək ki, binanın blokunda elektrik lampaları sıradan çıxıb. Sakin mobil əlavəni açıb qısa bir məlumat yazmaqla, problemin həlli üçün ilk addımı atmış olacaq. Bu müraciət sistemə düşdükdən sonra idarəçi cavab verir və sakin status dəyişiklikləri barədə məlumat alır. Ən əsası isə, bu müraciətlər sistem tərəfindən kateqoriyalara bölünərək statistik olaraq toplanır. Bu isə bina daxilində təkrarlanan və sistemli problemləri müəyyənləşdirməyə imkan verir. Bu məlumatlar əsasında idarəçi daha planlı və əsaslandırılmış tədbirlər görə bilir, bu isə ümumi idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Layihənin həmtəsisçisi Ələkbər Heydərov bildirir ki, bu innovativ layihə bina idarəçiliyini nəzərəçarpacaq dərəcədə asanlaşdıracaq. Artıq ödənişlərin edilməsi və müraciətlər üçün ofisə getməyə, yaxud bloklara kağız elanlar yapışdırmağa ehtiyac yoxdur. Sakinlər ödənişlərini təhlükəsiz şəkildə birbaşa mobil tətbiq üzərindən həyata keçirir, idarəçilər isə vacib bildirişləri saniyələr içində bütün bina üzrə sakinlərə çatdıra bilirlər.
Tətbiq daxilindəki asan ödəniş paneli sayəsində sakinlər harada olmaqlarından asılı olmayaraq, günün istənilən saatında ödənişlərini tamamlaya biləcəklər. Eyni zamanda bina idarəçiləri üçün ödənişlərin yığımı və izlənməsi də bir neçə kliklə mümkün olub. Həmçinin, sistemdə borclu sakinlərə avtomatik xatırlatmalar göndərən bildiriş mexanizmi də əlçatandır.
Ə.Heydərov yaxın zamanda tətbiqə yeni funksiyaların əlavə olunacağını da bildirir. Belə ki, inventar izləmə sistemi ilə bina əmlaklarının və texniki avadanlıqların qeydiyyatı və nəzarəti mümkün olacaq. Kompleks daxilində restoran və xidmət sifarişlərinin qəbulu, eləcə də təmir, təmizlik və mənzilə aid digər xidmətlərin say və çeşidinin artırılması da sakinlərə yeni xidmətlərə daha rahat çıxış imkanı verəcək.
Ənənəvi yemək kartı əvəzinə “NooshCard": İşçilər üçün restoranda QR kodla ödəniş rahatlığı
NooshCard - əməkdaşların yemək üçün ödənişlərini idarə etməyə imkan verən tam rəqəmsal platformadır. Əməkdaşlar “NooshCard” mobil tətbiqindəki QR kod vasitəsilə restoranlarda rahat ödəniş edə bilirlər. Layihənin məhsul sahibi Şölə Abdullazadə bildirir ki, platforma şirkətlər, restoranlar və əməkdaşlardan ibarət qarşılıqlı fayda yaradan ekosistem qurur. Yəni şirkətlər üçün nəzarət və analitika imkanları, əməkdaşlar üçün rahatlıq, restoranlar üçün isə yeni müştəri axını təmin edilir.
“NooshCard” prosesi tam rəqəmsallaşdırıb. İlkin olaraq şirkətlər əməkdaşları sistemə əlavə edəcək, daha sonra onlara balans təyin edəcək və bununla da bütün xərcləri real vaxtda izləmək asanlaşacaq. Detallı hesabatlar idarəetməni sadələşdirir və şəffaflığı təmin edir. Ən önəmlisi isə, vəsaitlərdən yalnız restoranlarda istifadə olunur ki, bu da şirkətlər üçün həm rahatlıq, həm də ciddi qənaət deməkdir.
Əməkdaşlar “NooshCard” ilə istədikləri vaxt, istədikləri restoranda yemək seçib rahatlıqla yeyə bilərlər. Bundan əlavə, mobil tətbiq vasitəsilə QR kodla asanlıqla ödəniş etmək və yaxınlıqdakı restoranları xəritədə tapmaq da mümkündür.
Yaxın zamanda pltaformaya istifadəçilərin ürəyincə olacaq bir neçə funksiyanın əlavə edilməsi gözlənilir. Belə ki, balans artırma imkanı və rəqəmsal cüzdan funksiyası, bonus sistemi, aylıq abunəlik paketləri, premium istifadəçilər üçün şəbəkə üzrə endirimlər təklif olunacaq. Ş.Abdullazadə vurğulayır ki, məhz bu yeniliklər sayəsində “NooshCard” yalnız bir ödəniş vasitəsi deyil, həm də gündəlik həyatın bir parçasına çevriləcək.
Hömsöhbətimiz “Startap” şəhadətnaməsi sayəsində 3 il müddətinə gəlir vergisindən qənaət edilən məbləğin hansı istiqamətlərə xərclənəcəyinə də diqqət çəkib. Belə ki, texnoloji infrastrukturun gücləndirilməsi hazırda əsas prioritetlərdən hesab olunur. Bundan əlavə, komanda heyətinin genişləndirilməsi, xüsusilə texniki və istifadəçi dəstəyi sahəsində işçilərin komandaya cəlbi gündəmdədir. Təbii ki, prioritetlər arasında daha çox istifadəçiyə və təşkilata çatmaq üçün marketinq və brend tanıtımı da var.
Hazırda platformaya bir neçə orta ölçülü təşkilat qoşulub və 50-dən çox restoran aktiv şəkildə sistemə inteqrasiya olunub.
Faiq KƏRİMOĞLU