EN

Kamaləddin Qafarov: “Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək”

“Öz coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edən Laçın rayonunun 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Məhz bu işğaldan sonra Ermənistanla keçmiş qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” arasında coğrafi əlaqə yaradıldı və bu vəziyyət daha çox Azərbaycan ərazilərinin zəbt olunmasına zəmin yaratdı”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, işğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300 nəfərdən artıq hərbi və mülki şəxs həlak olub, yaxud itkin düşüb. “Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti işğal dövründə Laçına Yaxın Şərqdən köçürdükləri erməniləri bu ərazilərdən qovulmuş azərbaycanlıların evlərində yerləşdirməklə qanunsuz məskunlaşma aparmış və bununla daha bir hərbi cinayətə imza atmışdı. Vətən müharibəsindən sonra azad edilmiş ərazilərə gələn hər kəs erməni vandalizminin təzahürlərinin şahidi oldu. Lakin Azərbaycan bu zülmü yerdə qoymadı. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində tarixi ədalət bərpa edildi. Dövlətimiz öz ərazilərini azad etmək üçün ədalətli müharibə apardı, öz torpaqlarında savaşdı və qalib gəldi. Şanlı ordumuz 44 gün ərzində ancaq irəli gedərək tarixi Qələbəni əldə etdi və öz gücünü bütün dünyaya göstərdi. Bu şanlı Zəfər nəticəsində 2020-ci ilin dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Azərbaycan öz möhtəşəm qələbəsini həm hərbi, həm də siyasi müstəvidə təmin etdi.”

 

Fikirlərini davam etdirən K.Qafarov daha sonra tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədilə dövlət tərəfindən görülən tədbirlərin önəmini vurğulayıb: “Beşinci ildir ki, işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçın da düşmən tapdağından qurtulmuş, özünün əsil sahiblərinə qovuşmuşdur. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlıların 31 ildən sonra öz doğma yurdlarına qayıdaraq yenidən burada yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Tarixi dəyişdirmək cəhdləri ermənilərin hər zaman ən çox istifadə etdikləri saxtalaşdırma üsullardan olub. Belə hallara gələcəkdə yol verilməməsi üçün Azərbaycan dövləti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü addımlar atır. Müzəffər Ali Baş Komandan, Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. İşğaldan azad edilmiş bütün şəhərlərimizdə olduğu kimi, Laçın şəhərində də İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park salınır. Bütün bu tədbirlər bundan sonra erməni yalanlarının bir daha heç zaman tarixi faktları təhrif edə bilməyəcəyinə ən möhkəm zəmanətdir”.

Chosen
25
16
sabahinfo.az

10Sources