EN

Məişət əşyası alanda zəmanət vermirlərsə, bunu oxuyun

Hər hansı bir məhsulu alarkən diqqət yetirdiyimiz əsas məqam onun yararlılığı ilə bağlı zəmanətinin olub-olmamasıdır. Xüsusilə də mobil telefon və məişət əşyalarının alışı zamanı zəmanət amili daha çox aktuallaşır.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübədə belə məhsulların satışında zəmanətin olmadığı hallar da az deyil. Hətta müştəri bu barədə əvvəlcədən məlumatlandırılır. Bir çox hallarda isə məhsula zəmanətin verilməsi qiyməti artıran amilə çevrilir. Yəni zəmanət verilən məhsulun qiyməti zəmanətsiz məhsula nisbətən daha yüksək olur. 

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Ümumiyyətlə, məhsula zəmanət verilməyə bilər?

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna görə, zəmanət müddəti malın pasportunda və ya yarlığında, yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, zəmanət müddətləri malın istehlakçıya verildiyi gündən hesablanır. Qanunvericiliyə görə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.

Mülki Məcəlləyə görə isə əgər əşya üçün zəmanət müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın verildiyi gündən 2 il ərzində və ya müqavilədə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti isə əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Bu o deməkdir ki, zəmanətsiz məhsulun də zəmanət müddəti olur. Alıcı 2 il ərzində əşyanın qüsurları ilə bağlı tələblər irəli sürə bilər. 

Zəmanət müəyyənləşdirilməyən məhsullar üçün 2 illik zəmanət bu müddətdən aşağı olan qarantı aktuallaşdırır. Maraqlıdır, zəmanət müəyyən olunduqda, müddət nə qədər olmalıdır?

Mülki Məcəlləyə görə, müqavilədə nəzərdə tutulan müddət 2 ildən az olduqda və alıcı əşyanın qüsurlarını müddət bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən 2 il ərzində aşkar etdikdə, buna görə məhsulu satan məsuliyyət daşıyır. Lakin bir şərtlə ki, alıcı məhsulun qüsurlarını əşyanın alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən yarandığını sübuta yetirsin.

Ancaq məsələ təkcə məhsula zəmanətin verilməsi və onun müddətindən ibarət deyil. Əsas amil, həmçinin məhsulun qüsurlarına görə cavabdehin kim olmasının müəyyən olunmasıdır. Belə ki, Mülki Məcəlləyə görə, əgər alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, qüsurlar üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantı verdiyi əşyanın qüsurları üçün eyni zamanda, o halda cavabdehdir ki, qüsurların qarşı tərəfin ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması, həmçinin üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübut edə bilməsin.

Bundan başqa, satıcı malın qüsurları barəsində qabaqcadan məlumat verməyibsə, alıcının satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan məhsulun qiymətinin buna uyğun olaraq azaldılmasını tələb etmək ixtiyarı var. Bu halda alıcı, həmçinin satıcıdan əşyanın qüsurlarının əvəzsiz aradan qaldırılmasını, bu məqsədlə özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi də tələb edə bilər. 

Chosen
22
6
day.az

7Sources