EN

Laçına qayıdış: ümid, azadlıq və yeni həyat

2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşərək Zabux və Sus kəndlərini nəzarətə götürdü. Bu gün Laçın Şəhəri Günü kimi qeyd olunur – tarixi bir qələbə və yeni həyatın başlanğıcı.

Amma Laçının hekayəsi yalnız döyüş meydanında qazandığımız zəfərlə ölçülmür. Onun ən dəyərli hekayəsi burada doğulan, lakin illərlə öz yurdlarından uzaqda yaşayan insanların həyatındadır.

Operativ Media xəbər verir ki, bu şəxslərin içində Şəhla Əhmədova da var.

Şəhla Əhmədova Laçın rayonunun Sarıbaba kəndində anadan olub. Ailədə 13 uşaq idilər, atası müəllim, anası evdar qadın. Gənc yaşlarında ailə həyatı qurub. Lakin 1992-ci ildə Laçın işğal edildikdən sonra Şəhla və ailəsi qaçqın düşdü. Suraxanı rayonu, Yeni Günəşlidə 30 il yaşadı, övladlarını böyütdü – oğlunu hərbi həkim, qızlarını isə mühasib və ingilis dili müəllimi etdi.

"O illər çox çətin keçdi. Amma heç vaxt Laçına qayıtmaq arzumu itirmədim".

Bu arzu 2023-cü ildə gerçəkləşdi. Şəhla qızları və nəvələri ilə birlikdə Laçına döndü. Yenidən doğma torpaqda olmaq ona böyük bir həyəcan gətirdi:

"Çox sevinmişdik. Artıq öz torpağımızdayıq. Bu hissi sözlə ifadə etmək mümkün deyil."

Bu gün Laçın sakinləri öz doğma evlərində yaşamağın, təmiz hava, saf su və dağların qoynunda olmağın sevincini yaşayır. Şəhla Əhmədova və onun kimi yüzlərlə insan üçün bu, illərlə gözlənilən, amma sonunda gerçəkləşən bir möcüzədir. Laçın təkcə tarixi bir zəfərin şəhəri deyil, həm də insanların qayıtdığı, ümidlə dolduğu bir yerdir.

Qeyd edək ki, Laçın rayonunda indiyədək 936 ailə, 3 min 516 nəfər sakinin daimi məskunlaşması təmin edilib. 

Həmin sakinlərdən artıq 1200-ə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Onlardan 1132 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 74 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb). 49 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
 

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.

Şəfa Hüseynli

1Sources