EN

Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşü tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsidir



Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış oldular. Dövlət başçısı buraya köçən sakinlərlə görüşərək onları doğma yurdlarına qayıtması münasibətilə təbrik etdi.
Cənab Prezident çıxışına dərin məna daşıyan sözlərlə başladı: “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmişsiniz!” Bu sözlər sadəcə salamlaşma deyildi. Uzun illər doğma torpaqlarından uzaqda, didərgin yaşayan insanların qəlbindəki həsrətə son qoyan, sevinc qarışıq duyğuların və milli qürur hissinin ifadəsi idi. Dövlət başçısı vurğuladı ki, bu gün kəlbəcərlilər üçün tarixi bir gündür, çünki onlar 32 ildən sonra doğma Vətənə qayıdırlar:

“Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə inamını itirməmişdir”, – deyə cənab Prezident mənsub olduğu və rəhbərlik etdiyi xalqın bu müsdbət keyfiyyətini qiymətləndirdi.
Prezident İlham Əliyev Ermənistanın işğal siyasətinin ağır nəticələrini xatırlatdı. O bildirdi ki, Kəlbəcərin işğalı təkcə bölgə üçün deyil, bütün Azərbaycan üçün böyük faciə idi: “Bu, böyük ədalətsizlik idi, cinayət idi. Azərbaycanın günahsız vətəndaşları işgəncələrə, qətliamlara məruz qaldı, torpaqlarımız talandı.” Dövlət başçısı qeyd etdi ki, Azərbaycan xalqı bütün bu çətinliklərə baxmayaraq, doğma torpaqlarına qayıdacağına inanmış və bu müqəddəs günü səbirsizliklə gözləmişdir.

Məlumdur ki, Kəlbəcərin azad olunması, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları ilə Azərbaycan xalqının gücü və iradəsi bütün dünyaya nümayiş etdirildi. Prezident İlham Əliyev vurğuladı: “Biz heç kimlə müharibə aparmaq niyyətində deyilik. Amma hər kəs bilməlidir ki, Azərbaycan öz gücünü göstərib və bundan sonra da göstərəcək.”

Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Dövlət başçısı qeyd etdi ki, birinci yaşayış kompleksində artıq sakinlər üçün bütün şərait yaradılıb, lakin inşaat işləri bununla bitmir: “Birinci mərhələdə ‘Böyük Qayıdış’ Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq”, – deyə Prezident bildirdi. Eyni zamanda, şəhərdə müasir məktəblər, yollar, işıq, su və təbii qaz xətləri çəkilib, minalardan təmizləmə işi aparılıb.

Prezident İlham Əliyev çıxışında tarixi məsələlərə də toxundu. O xatırlatdı ki, Kəlbəcərin işğalı digər bölgələrin işğalına yol açmışdı və Azərbaycan o dövrdə böyük strateji çətinliklərlə üzləşmişdi. Keçmiş hakimiyyətin xəyanəti nəticəsində torpaqlarımızın bir hissəsi itirilmişdi, lakin xalqın və dövlətin iradəsi sayəsində nəhayət, azadlıq reallaşmışdır. Dövlət başçısı dedi: “Biz 2003-cü ildən başlayaraq bu məsələnin həlli üçün çalışırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik, güclü ordu yaratdıq və gənc nəsil yetişdirdik. Bu nəsil Vətən müharibəsində sinəsini qabağa verərək torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan dövləti və xalqı bir yumruq kimi birləşərək 44 gün ərzində Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcərin azad edilməsi isə döyüş meydanında bir güllə atılmadan həyata keçirildi. Dövlət başçısı əlavə etdi ki, bu, həm də xalqın birlik və iradəsinin nümayişidir.

Hazırda Azərbaycanın gələcək inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirilir. Prezident İlham Əliyev vurğuladı ki, azad edilmiş torpaqlar qısa zamanda ölkənin ən gözəl və infrastruktur baxımından ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Bu, yalnız iqtisadi deyil, həm də mənəvi əhəmiyyət daşıyır: “Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq bundan sonra yalnız quruculuq və inkişaf yolu ilə gedəcəyik.”
Cənab Prezident İlham Əliyev Ermənistanın işğal dövründə törətdiyi vəhşilikləri və Azərbaycan xalqına qarşı cinayətləri unutmamaq zərurətini də qeyd etdi. Lakin eyni zamanda vurğuladı ki, gələcəkdə müharibə deyil, sülh və inkişaf prioritet olacaq: “Biz sülh istəyirik, amma heç vaxt o qanlı tariximizi yaddaşımızdan silməməliyik və şirin sözlərə aldanmamalıyıq,” – deyə cənab Prezident bir daha unutduqlarımızınb sonradan böyük problemlərə yol açdığını bildirdi.

Beləliklə, cənab Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşü təkcə rəsmi görüş deyil, həm də tarixi ədalətin bərpası, xalqın öz doğma torpaqlarına dönüşünün və Böyük Qayıdışın rəmzi təntənəsi oldu. Dövlət başçısının dediyi kimi, bu gün azad edilmiş torpaqlarımız sabah daha güclü və qüdrətli Azərbaycanın simasını əks etdirəcək.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Chosen
44
aia.az

1Sources