EN

“Gənclərin biznes emalatxanası” layihəsi uğurla davam edir

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi davam etdirilir. Belə ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 28 məzunu layihə çərçivəsində biznes təlimləri uğurla başa vuraraq, avadanlıqlarla təmin olunublar.

Onlar un məmulatlarının istehsalı, dərzi, poliqrafiya, qadın gözəllik salonu və avtoelektrik xidmətləri üzrə fəaliyyət göstərəcəklər. Artıq məzunlardan biri un məmulatları istehsalı üzrə sahibkarlıq fəaliyyətinə başlayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları ilə görüşüblər. Görüşdə layihə ilə bağlı məzunların təəssüratları dinlənilib, sahibkarlıq fəaliyyəti və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. KOBİA nümayəndələri, həmçinin, “Gənclərin biznes emalatxanası” layihəsindən yararlanmış gəncin təsis etdiyi “Gülüm” Şirniyyat Evinin fəaliyyəti ilə də tanış olublar.

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinə 2021-ci ildə başlanılıb. Məqsəd peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. Layihə gənclərin əmək bazarına hazırlıqlı çıxışı və dayanıqlı məşğulluğunun təmin olunmasında da əhəmiyyətlidir. İndiyədək Bakı, Abşeron, Qəbələ, Ağdam, Cəlilabad, Tovuz, Kürdəmir, Ağstafa, Masallı, Gəncə və Şəmkir rayonlarından olan və peşə təhsili məktəblərində təhsil almış 65 nəfər layihə çərçivəsində müvafiq avadanlıqlarla təmin edilib.

KOBİA nümayəndələri, həmçinin, Agentliyin dəstəyi ilə ixraca başlamış Qəbələnin Tüntül kəndində fəaliyyət göstərən mebel və qapı istehsalı müəssisəsində olublar. Müəssisəni ziyarət zamanı sahibkarla biznesin inkişafı və ixrac imkanlarının genişləndirilməsində dövlət dəstəyinin rolu barədə fikir mübadiləsi də aparılıb.

Chosen
50
9
vergiler.az

10Sources