EN

Laçın Şəhəri Günü - Şanlı Zəfər tariximizdə daha bir səhifə  

Azərbaycanın tarixi minilliklərlə ölçülür və bu dövr ərzində azadlıq uğrunda mübarizə, qəhrəmanlıq, torpaq, Vətən sevgisi, dövlətçilik ənənələri hər zaman önəmli yer tutub. Şanlı tariximiz boyu yaddaşımıza həkk olunan əlamətdar günlər arasında Laçın Şəhəri Günü xüsusi əhəmiyyətə malikdir. Bu günün təsis edilməsi Prezident İlham Əliyevin 2023-cü il 25 avqust tarixli Sərəncamı ilə rəsmiləşib. Həmin tarixdən etibarən hər il avqustun 26-sı Laçın Şəhəri Günü böyük fəxarət və qürur hissi ilə qeyd olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

Deputat bildirib ki, Laçın rayonu 1930-cu ildə Azərbaycan SSR-in inzibati ərazi vahidi kimi yaradılıb. Qarabağ dağlarının qoynunda yerləşən bu diyar təbii gözəllikləri, münbit torpaqları, zəngin fauna və florası ilə seçilir. Laçın yalnız coğrafi və tarixi baxımdan deyil, strateji nöqteyi-nəzərdən də vacib əhəmiyyət kəsb edir. XX əsrin 2-ci onilliyinin sonlarına yaxın və 1990-cı illərin əvvəlində Laçın bölgəsi mənfur erməni millətçilərinin işğalçılıq siyasətinin və etnik təmizləmə cinayətlərinin qurbanı olub. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri və separatçı cinayətkar ünsürlər Laçını işğal etdilər. Bu, Azərbaycanın tarixində ən ağır faciələrdən biri idi. Minlərlə dinc sakin öz doğma yurd-yuvasından didərgin düşdü. Onlarla kənd və qəsəbə yerlə-yeksan edildi. Məscidlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdıldı. Ermənistan beynəlxalq hüququ kobudcasına pozaraq Laçında etnik təmizləmə siyasəti apardı. İşğal nəticəsində Laçının bütün təbii sərvətləri də talan edildi. Dağ-meşə massivləri, faydalı qazıntılar, nadir ağac növləri məhv olundu.

Z.Şükürov təəssüflə qeyd edib ki, o dövrdə AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi, məhz Şuşa və Laçın faciəsi üzərində iqtidara gəldikdən sonra, səriştəsiz və qeyri-peşəkar idarəçiliyi nəticəsində ölkədə və orduda hökm sürən hərc-mərclik torpaqlarımızın işğal altına düşməsində az rol oynamayıb. Cari il avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərində yerli sakinlərlə görüşü zamanı AXC-Müsavat cütlüyünün bu xəyanətkar əməlinə diqqət çəkərək deyib: “Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir. Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi”.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, torpaqlarımız işğal altında olduğu dönəmdə Azərbaycan dövləti beynəlxalq təşkilatlar qarşısında dəfələrlə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məsələ qaldıraraq, bu əməli pisləyən çağırışlar edilməsinə nail oldu, lakin beynəlxalq birlik tərəfindən Ermənistanın bu siyasətinə son qoyulması üçün heç bir addım atılmadı. 2020 və 2023-cü illərdə Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri zamanı Azərbaycan Prezidentinin mükəmməl liderliyi, uzaqgörənliyi, sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin görünməmiş qəhrəmanlığı sayəsində Müzəffər Azərbaycan Ordusu düşməni diz çökdürdü, Qarabağ və Şərqi Zəngəzur tamamilə azad olundu. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının azad edilməsindən sonra burada bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Azərbaycan dövləti bu bölgəni müasir standartlara uyğun olaraq yenidən qurmaq niyyətindədir. Prezident İlham Əliyevin göstərişi ilə Laçın və ümumilikdə Qarabağ bölgəsi yaşıl enerji zonası elan edilib. Burada Günəş və külək elektrik stansiyaları inşa olunur. Bu, həm ekoloji tarazlığı qoruyacaq, həm də regionun iqtisadi inkişafına böyük töhfə verəcək. Laçın şəhərinin Baş planı təsdiq olunub, müasir yollar, körpülər, elektrik xətləri, rabitə və internet şəbəkəsi qurulmağa başlanıb. Laçın Beynəlxalq Hava Limanı, yeni avtomobil və dəmir yolları bu rayonu strateji logistika mərkəzinə çevirəcək. Laçında yeni məktəblər, xəstəxanalar, mədəniyyət evləri, idman kompleksləri tikilir. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində artıq ilk ailələr Laçına geri dönüb və yeni həyatlarına başlayıb.

“2025-ci il mayın 28-də Pakistanın Baş naziri və Türkiyə Prezidentinin ölkəmizə səfərləri çərçivəsində Laçında baş tutan üçtərəfli görüş bu bölgənin strateji əhəmiyyətini daha da artıran mühüm tarixi və siyasi hadisələrdən biri oldu. Təmiz dağ havası, mineral suları, füsunkar təbiəti ilə Laçın turizm üçün böyük imkanlara malikdir. Burada həm ekoturizm, həm də yayla turizmi inkişaf etdiriləcək. Laçının qədim tarixi abidələri, xalçaçılıq ənənələri də turizm sektoruna yeni nəfəs verəcək. Xalqımız əmindir ki, Laçın bundan sonra yalnız tarixi zəfərlə deyil, həm də davamlı inkişaf, sosial rifah və xoşbəxt gələcək perspektivləri ilə anılacaq. Bu qədim və şanlı torpaq öz sakinlərinə sülh, təhlükəsizlik və firavan həyat gətirəcək, yeni nəsillərə qürur və ilham mənbəyi olacaq, həmçinin Azərbaycanın ümumi tərəqqisinə və regionun davamlı sabitliyinə töhfə verəcək. Laçın indi yalnız bir şəhər deyil, həm də xalqımızın birlik, qətiyyət və gələcəyə olan inamının simvoluna çevrilib”, - deyə Z.Şükürov əlavə edib.

Chosen
14
2
sabahinfo.az

3Sources