Bakı, 26 avqust, AZƏRTAC
“Könüllü DOST” proqramına bu ilin yanvar-iyul ayları ərzində 24 min müraciət olub, 928 şəxs proqrama cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan həmin proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST” və “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.
Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə kömək göstərir.
Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.
Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.