“3+3 çərçivəsi region ölkələri və Cənubi Qafqaz ətrafında məsləhətləşmələr üçün uzunmüddətli çərçivədir”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Diplomat bu formatda region ölkələri arasında bir sıra görüşlərin keçirildiyini xatırladıb.
“Bu, region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regiondaxili mexanizm kimi özünü doğrultmuş formatdır. Cənubi Qafqaz problemlərinin həlli ilə bağlı regiondan kənarda baş verən hadisələrdən asılı olmayaraq, bu gün, bəlkə də, keçmişdə olduğundan daha çox, region ölkələri belə qənaətə gəliblər ki, mübahisələrin həlli və regiondankənar aktorların müdaxiləsinin qarşısını almaq üçün bu mexanizmlər aktiv saxlanılmalı və onların daha səmərəli olması üçün səylər göstərilməlidir”, - Bəqayi qeyd edib.
Nazirliyin sözçüsü əlavə edib ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 25-də rusiyalı həmkarı Vladimir Putinlə telefin danışığı zamanı bu mexanizmin səmərəli və effektiv formada olduğunu bir daha vurğulayıb.
Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.