EN

“Anadolu” agentliyində Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığı ilə bağlı məqalə yayımlanıb

İstanbul, 26 avqust, Günel Karatepe, AZƏRTAC

Türkiyənin “Anadolu” agentliyi “Enerji və nəqliyyatda türk xətti: Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlıq” sərlövhəli analitik məqalə yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev ilə müsahibə əsasında hazırlanan yazıda Azərbaycan–Türkmənistan–Özbəkistan arasındakı üçtərəfli əməkdaşlığın Xəzər dənizi ətrafındakı Türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirdiyinə vurğu edilib.

Mətndə bildirilib ki, Zəngəzur dəhlizinin mühüm bir hissəsi olan Qars–Dilucu dəmir yolunun təməlqoyma mərasiminin keçirildiyi 22 avqust tarixində Türk dünyası üçün ikinci mühüm hadisə də Xəzərin şərq sahilində, Türkmənistanda baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında üçtərəfli görüş keçirildi. Liderlərin mediaya verdikləri ortaq açıqlamadan və imzaladıqları üçtərəfli bəyanatdan göründüyü kimi görüşün əsas mövzusu nəqliyyat, enerji, turizm, ticarət və mədəni sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi oldu. Lakin mövzular içində ən diqqət çəkənləri nəqliyyat və enerji əməkdaşlığı ilə bağlı açıqlamalar və imzalanan razılaşmalar idi.

Bu müsbət mühitin formalaşmasına son illərdə Azərbaycanın və Türkiyənin, Türk Dövlətləri Təşkilatının (TDT) artan rolu təsir göstərib.

Yazıda Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra Cənubi Qafqazda nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarının artması, regionda baş verən son hadisələrin fonunda Xəzərin şərq sahilində yerləşən Türk dövlətlərinin Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa yönəlməsi, üç ölkə arasında daşımaçılıq sahəsində əməkdaşlığı sürətləndirən digər mühüm hadisənin Çin–Qırğızıstan–Özbəkistan (ÇQÖ) dəmir yolu xəttinin tikintisinə dair əməkdaşlığın olması kimi məqamlara toxunulub, statistik rəqəmlərə istinad edilib.

Məlumatda qeyd edilib ki, Azərbaycan–Türkmənistan–Özbəkistan arasındakı üçtərəfli əməkdaşlıq Xəzər dənizi ətrafındakı Türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirib, Türkmənistanın bu prosesə fəal qoşulması isə prosesi sürətləndirib. Bu proseslər Türk xəttinin Mərkəzi Asiyada təsirini artırır, həmin ölkələrin Şərq–Qərb arasında tranzit rolu və geostrateji əhəmiyyətini yüksəldir. Xəzərin hər iki sahilindəki Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi isə Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək, nəqliyyat sahəsində körpü rolunu gücləndirəcək.

Chosen
9
2
azertag.az

3Sources