EN

Almaniyanın “Eurofighter” qırıcıları üçün İsraildən hədəfləmə podları alınacaq

Almaniya parlamenti Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) “Eurofighter Typhoon” qırıcıları üçün 90 ədəd “Litening 5” hədəfləmə podunun satın alınmasına icazə verib.

“Poliqon” “Rafael” şirkətinə istinadən xəbər verir ki, bu addım Bundesverin istismarındakı “Eurofighter Typhoon”ların dəqiq zərbə və kəşfiyyat qabiliyyətlərini artıracaq.

Bildirilib ki, qərar, Almaniyanın “Rafael” sistemlərinə olan etimadını göstərir və onilliklərdir davam edən müdafiə əməkdaşlığını davam etdirir. Eyni zamanda, bu qərar çoxdalğalı sensor inteqrasiyasını və mübahisəli hava məkanlarında məsafədən hədəf vurma effektivliyini ön plana çıxaran NATO tendensiyası ilə uyğun gəlir.

Almaniyanın “Litening 3”dən “Litening 5”ə keçidi həm sistemin performansına məmnunluğunu, həm də Bundesverin dəqiqlik, sağ qalma qabiliyyəti və gələcək inkişaf potensialına verdiyi önəmi əks etdirir. Bu, mövcud qırıcıların qabaqcıl sensorlarla modernləşdirilməsi üzrə Avropa tendensiyasını əks etdirir.

Qeyd edək ki, “Rafael” şirkəti tərəfindən hazırlanan “Litening” ATP (Advanced Targeting Pod) hədəfləmə podu, müasir hədəfləmə podlarının öncülərindən hesab edilir. Artıq uzun müddətdir (1993-cü il) istehsal edilən bu pod, 27 ölkənin Hərbi Hava Qüvvələri və 25 müxtəlif döyüş təyyarəsi tərəfindən istifadə olunur. Həmin döyüş təyyarələrinin sırasına F-15, F-16, F/A-18, F-4, F-5, B-52, “Mirage 2000”, “Eurofighter Typhoon”, M346 və s. daxildir. Burada əsas məqamlardan biri “Litening” podunun təkcə NATO standartlı qırıcılar tərəfindən deyil, həm də SSRİ istehsalı MiQ-21, MiQ-27 və Su-30 döyüş təyyarələri tərəfindən də istifadə edilməsidir. Bir çox döyüş sınaqlarından uğurla çıxmağı bacaran “Litening” hədəfləmə podunun hazırda müxtəlif variantları mövcuddur. “Litening” hədəfləmə podunun 3, 4, 5 və “Reccelite” versiyaları günümüzdə “Rafael” şirkəti tərəfindən müştərilərə təklif olunur.

Çoxspektral hədəfləmə və naviqasiya podu olan “Litening” gecə-gündüz və əlverişsiz hava şəraitində tam şəkildə fəaliyyət göstərə bilir. Pod müasir döyüş təyyarəsi üçün tələb olunan bütün hədəfləmə xüsusiyyətlərini özündə birləşdirir. “Litening”in yüksək kefiyyətə malik sensorları hədəfin müəyyənləşdirilməsini yaxşılaşdırır və tanıma diapazonunu artırır.

Pod, obyektləri hədəfləmək və izləməklə pilotun iş yükünü azaldır, eyni zamanda pilota çoxsaylı missiyaları yerinə yetirə bilmək üçün çeviklik verir. Şirkət istehsalı olan “Litening” podları dünya üzrə 2.2 milyondan çox uçuş saatına malikdir.

Onun əsas xüsusiyyətlərinə dayanıqlılıq, yüksək dəqiqlik və döyüş tapşırıqlarının qiymətləndirilməsi imkanları daxildir. Pod, stasionar və hərəkətli yer-hava hədəfləri də daxil olmaqla, bir çox hədəfi izləyə bilir. Elektro-optik və termal kameralar sayəsində istifadəçi 24/7 görüntü imkanı qazanır. Bundan başqa, pod lazer işarələyici ilə də təchiz olunub. “Litening” hədəfləmə podunun uzunluğu 220 sm, diametri 40.6 sm və kütləsi 220 kiloqramdır.

Chosen
14
1
poliqon.az

2Sources