Laçında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yurd” qalereyasında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı ilk fərdi sərgisi açılıb.
“İki sahil” xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynovla yanaşı, nazirlik nümayəndələri, eləcə də mədəni-ictimai xadimlər, Laçın rayon sakinləri iştirak ediblər.
Sərgidə təqdim olunan əsərlər rəssamın “Laçın etüdləri” ilə başlayan, uzun illər Vətən həsrəti ilə davam edən və bu gün azad olunmuş torpaqların dirçəlişindən ilhamlanan sənət yolunu əks etdirir.
Ekspozisiya ziyarətçilərə Laçının təbiətini, incəsənətini və Qarabağ ruhunu yaxından hiss etmək imkanı yaradır. Yusif Mirzənin əsərləri incəsənətin gücü ilə tariximizlə bu günümüz arasında möhtəşəm bir körpü qurur.
Yusif Mirzə jurnalistlərə açıqlamasında Laçında sərgisinin açılışını böyük fəxarət hissi ilə qarşıladığını deyib.
“Burada həm işğal altında olan zaman təxəyyülümdə, xəyalımda canlandırdığım Laçın var, həm də azad olunduqdan sonra yenidən dirçələn Laçın”, - o bildirib.
Sərgi avqustun 29-dək davam edəcək.