EN

“İsrailin sərtləşən ritorikası E3-nin diplomatik manevr imkanlarını daraldır” - Tural İsmayılov

“Avropanın aparıcı üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya – Cenevrədə İranla nüvə danışıqları üçün xüsusi formatda görüş keçirir. Bu, sadəcə formal bir görüş deyil; onun arxasında həm strateji, həm də geosiyasi motivlər dayanır. E3-nin bu təşəbbüsü göstərir ki, Avropa İran məsələsində passiv mövqedən çıxaraq aktiv diplomatik rol oynamağa çalışır. Bunun bir neçə səbəbi var. Birincisi, regional təhlükəsizlik narahatlığıdır. İranın Yaxın Şərqdə, xüsusilə Suriya, Livan və Yəməndə fəallığı, həmçinin ballistik raket proqramı və nüvə fəaliyyətləri Qərb üçün ciddi narahatlıq doğurur. Avropa, ABŞ-ın siyasi cəlbediciliyindən və ya Yaxın Şərqdəki dəyişkən hərbi mövqeyindən asılı olmayaraq, öz maraqlarını qorumaq istəyir. Avropa üçün bu, həm enerji təhlükəsizliyi, həm də regional sabitliyin qorunması baxımından kritikdir.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Avropanın aparıcı üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya (E3) Cenevrədə İranla nüvə danışıqları üzrə xüsusi formatda bir araya gəlir. Görüş Tehranın regional fəallığı və Qərblə münasibətlərindəki gərginlik fonunda keçirilir. Digər tərəfdən, İsrail İranla bağlı ritorikasını sərtləşdirərək, regionda bu ölkənin təsirinin neytrallaşdırılmasını açıq şəkildə prioritet elan edir.

Siyasi şərhçi bildirib ki, ikinci məqam diplomatik fəallığın Avropa üçün həm iqtisadi, həm də geosiyasi gündəm ifadə etməsidir.

“İranla ticarət əlaqələrinin normallaşdırılması, neft və qaz sahəsində qarşılıqlı maraqların təmin edilməsi və Avropanın Qərb və regional oyunçular arasında balans rolunu gücləndirməsi hədəflənir. E3 formatı həm də Avropa dövlətlərinin nüfuzunu göstərmək və ABŞ-dan asılı olmayan xarici siyasət yürütmək üçün bir platformadır. İsrailin mövqeyi isə E3-nin qərarlarına birbaşa təsir göstərə bilər. İsrail Tehranla bağlı ritorikasını sərtləşdirir və İranın nüvə fəaliyyətinin dayandırılmasını, regional təsirinin məhdudlaşdırılmasını açıq prioritet kimi irəli sürür. Bu isə E3 üçün diplomatik manevr imkanlarını daraldır. Avropa, İsrailin narahatlıqlarını nəzərə almalı, lakin öz iqtisadi və geosiyasi maraqlarını qorumağa çalışmalıdır. İsrailin hər hansı hərbi addımı və ya təhdidi isə Avropanı daha ehtiyatlı mövqe saxlamağa sövq edə bilər və danışıqların tonunu sərtləşdirə bilər. Ümumiyyətlə, Avropa indi daha aktiv olmağa çalışır, çünki Tehranın regional və nüvə fəaliyyəti Qərblə münasibətlərdə gərginliyi artırır, Avropanın maraqları isə daha çox balans və diplomatik həll yollarına söykənir. E3 formatı həm təhlükəsizlik, həm də iqtisadi-mədəni əməkdaşlıq maraqlarını ön plana çıxarmaqla, İranın nüvə proqramının dayandırılması və regional sabitliyin qorunması istiqamətində diplomatik səy göstərir. İsrail isə bu prosesin sürətini və sərtliyini müəyyən edən amil kimi çıxış edir, lakin Avropa üçün əsas prioritet hər zaman daha geniş strateji maraqlardır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
14
aznews.az

1Sources