EN

Aydın Xan Əbilov: "Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsinə gəlincə.."

"Ərəb dünyasında, xüsusilə də Suriyada Azərbaycan türklərinin yaratdığı ədəbiyyat, fəlsəfə, ilahiyyat əsərlərinin müəlliflərinin məzarları bu gün də mövcuddur. Yadıma gəlir ki, vaxtilə Ümumilli lider Heydər Əliyevə təklif olunmuşdu ki, İraqda müharibə gedir, bəlkə Füzulinin məzarını Azərbaycana köçürək. Hətta o dövrdə belə bir qorxu da var idi ki, Türkmənistan prezidenti Saparmurat Niyazov Füzulinin türkmən olduğunu iddia edib, onun qəbrini Türkmənistana aparmaq istəsin".

Bu sözləri Demokrat.az-a açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Heydər Əliyevin bu mövzuya tarixi, müdrik bir cavabı olmuşdu:

"Heydər Əliyev demişdi: “Mən Füzulinin məzarını iki həftə ərzində İraqdan gətirə bilərəm. Amma gələcəkdə biz necə sübut edəcəyik ki, İraq türkmən torpaqları qədim türk, Azərbaycan torpaqlarıdır? Şah İsmayıl Xətaidən və daha qədim – Midiya dövründən etibarən orada bizim soydaşlarımız yaşayıb.""

Kulturoloq deyib ki, bu çox məntiqli cavab idi:

"Doğrudur, vaxtilə Hüseyn Cavidin nəşi Sibirdən gətirilmişdi. Amma Hüseyn Cavidlə Füzuli arasında fərq böyükdür. Füzuli İraqda doğulub, həmin ədəbi və mədəni mühitin nümayəndəsi olub. Orada yaşayan Azərbaycan türklərinin, türkmənlərin böyük nümayəndəsidir, ədəbi dilimizin atası sayılır. Hüseyn Cavid isə repressiyanın qurbanı olmuşdu. Onun nəşini Sibir kimi yad məkanda saxlamaq olmazdı. Çünki Sibir türk torpağı olsa da, Azərbaycanın dövlətçilik tarixi ilə birbaşa bağlı deyildi. Amma Suriya və İraq bizim tarixi-mədəni məkanlarımızdır.

Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsinə gəlincə, dövlət rəhbərliyi hansı qərarı verirsə, biz onu dəstəkləyəcəyik. Amma mən Heydər Əliyevin həmin kəlamını xatırlatmaq istəyirəm ki, əgər biz Nəsimini Suriyadan, Nizamini, Füzulini İraqdan, digər filosof, ilahiyyatçı, alimlərimizi də gətirsək, Azərbaycan böyük bir qəbiristanlığa çevrilə bilər. Buna ehtiyac varmı? Biz Azərbaycanı abadlaşdırmalı, inkişaf etdirməliyik. İnsanlar yalnız dəfn üçün yox, həm də yaşamaq, yaratmaq üçün vətənə gəlməlidirlər".

O deyib ki, bu baxımdan mən Nəsiminin nəşinin Azərbaycana gətirilməsinə skeptik yanaşıram:

"Bununla biz nə qazanacağıq? Onsuz da Nəsiminin Azərbaycanda heykəlləri var, qardaşının və yaxınlarının qəbirləri Şamaxıdadır. Bəs onu gətirməklə bizə hansı fayda olacaq? Əksinə, itirdiklərimizi düşünməliyik. Azərbaycan böyük bir qəbiristanlıq deyil. Onun tarixi ilə bağlı abidələr, məzarlar – bunlar bizim sivilizasiya pasportumuzdur.

Üstəlik, Nəsimi sünnilərin çoxluq təşkil etdiyi ərəblər içində bir şiə Azərbaycan türkü idi. Tarixi proseslər onu Suriyaya aparmış, orada edam edilmiş və orada da dəfn olunmuşdur. Biz onun məzarını bura gətirməklə tarixi faktlara şübhə salmış olarıq. Halbuki Nəsiminin mübarizəsi – hürufizmin Azərbaycan ideoloji, fəlsəfi və ilahiyyat məktəbi kimi dünyada tanıdılmasının güclü vasitəsidir.

Məsələn, heç kimin ağlına gəlmir ki, Rumini Orta Asiyaya və ya İrana aparsınlar. Onun məzarı Türkiyədədir, Konya şəhərinin həm mədəni simvolu, həm də turizm mərkəzidir. Bildiyim qədər, Konya büdcəsinin təxminən 40%-i məhz Mövlana ziyarətinə gələn turistlərin hesabına formalaşır".

Onun sözlərinə görə, Nəsiminin də məzarı, eynilə Füzulinin və digərlərinin məzarları beynəlxalq turizm xəritəsində mühüm mədəniyyət abidəsi kimi dəyərləndirilə bilər:

"Biz həm öz insanlarımızı, həm də turistləri həmin yerlərə apara bilərik.

Bütün bunlar böyük ictimai müzakirə tələb edir. Amma bir kulturoloq və mədəniyyətşünas kimi mən qətiyyən bu təşəbbüsün tərəfdarı deyiləm. Fikirləşirəm ki, yaxın gələcəkdə bu mövzuda çox ciddi mübahisələr olacaq".

Qeyd edək ki, İmadəddin Nəsimin məzarının Azərbaycana köçürülməsi üçün Suriya ilə danışıqlar aparıldığı bildirilir.

Əfsanə Kamal
Demokrat.az
Chosen
4
demokrat.az

1Sources