EN

ABŞ-Fransa gərginliyi Ukraynada müharibəyə çox təsir göstərə bilər...


İlyas Hüseynov: “Şübhəsiz ki, bu, Ukraynadakı proseslərə də təsirsiz ötüşməyəcək”

Son günlər ABŞ və Fransa arasında gərginlik yaşanır. Qeyd edək ki, ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner antisemitizmlə mübarizənin kifayət qədər aparılmaması ilə bağlı respublika hakimiyyətini tənqid edib. Bundan sonra səfir Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Fransa-ABŞ münasibətləri səfirin məktubuna və digər məsələlərə görə son günlər çox gərginləşib. ABŞ-la Fransa nəyin üstündə münasibətləri gərginləşdiklərini özləri bilərlər. Ancaq maraqlıdır, ABŞ-Fransa gərginliyi Ukrayna proseslərinə necə təsir edə bilər?

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, xüsusilə son dövrlər gərginləşən Fransa-ABŞ münasibətləri bütün dünyada müzakirə olunur. “Çünki ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşnerin Fransa hökumətini tənqid etməsi və ardınca XİN-ə çağırılması böyük qalmaqala səbəb olub. Ona görə ki, ABŞ səfiri antisemitizmin Fransada güclənməsini ifadə edir və bildirir ki, hökumət bununla ciddi, yaxud lazımınca mübarizə aparmır. Bu da reallıqdır ki, İsrail dövləti ilə Fransa dövləti arasında da kifayət qədər ziddiyyətli münasibətlər var və Fransa dövləti artıq Fələstini artıq bir dövlət kimi tanımaq niyyətindədir. Bu əvvəlcə bəyanat səviyyəsində bildirildi və artıq görünür ki, proseslər praktiki addımlara doğru gedir. Hətta BMT-nin iclasında da bu məsələnin Fransa tərəfindən gündəliyə çıxarılması ehtimal edilir. Əlbəttə, Fransa BMT-də də Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Hesab edirəm ki, bu prosesləri qabaqlamaq üçün ABŞ hərəkətə keçib və antisemitizm məsələsinin ortaya atılması da birbaşa olaraq İsrail-Fələstin münasibətləri ilə bağlıdır”.

İ.Hüseynov vurğuladı ki, digər tərəfdən, Yaxın Şərq bölgəsində İsrailin gücünün artması Fransanın maraqlarına da ziddir, çünki Fransanın burda keçmiş müstəmləkələri və qalıcı maraqları var. İ.Hüseynovun sözlərinə görə, birbaşa olaraq Fransa-İsrail münasibətlərinin kəskinləşməsi nəticəsində ABŞ-Fransa münasibətlərində soyuqluqları, gərginlikləri görürük: “Ancaq şübhəsiz ki, bu, Ukraynadakı proseslərə də təsirsiz ötüşməyəcək. ABŞ prezidenti Donald Tramp bildirib ki, biz artıq Ukraynaya silah yardımı etmirik. ABŞ prezidentinin əsas niyyəti bundan ibarətdir ki, ABŞ-ın verdiyi silahların pulu ödənilməlidir və bu, Avropa dövlətləri hesabına olmalıdır. Avropa dövlətləri də deyəndə burda ilk növbədə Fransa gəlir. Baxmayaraq ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Fransa dövləti məsələyə susqun yanaşırdı, bir sıra növbətçi bəyanatlar səslənirdi, lakin Ukrayna ərazisinə genişmiqyaslı müdaxilə edildikdən sonra Fransa mövqeyini dəyişdi və bugün Rusiyaya qarşı ən qatı mövqe ifadə edən dövlətlərdən biri Fransadır. Fransa kimi digər dövlətlər də bu müharibənin dayandırılmasının lehinədirlər, pərdəarxası Trampın niyyətlərini də dəstəkləyirlər. Lakin biz görürük ki, İsrail dövlətinin maraqlarına zidd addımlar atılanda İsrailin əsas hərbi-siyasi müttəfiqi ABŞ dövriyyəyə girir və İsrailin maraqlarını qlobal miqyasda müdafiə edir”-deyə İ.Hüseynov qeyd etdi.

İradə SARIYEVA

Chosen
9
baki-xeber.com

1Sources