EN

Dünya İsraili niyə durdura bilmir?-Türkiyədən şərh

İsrail – xəstəxanaların, məktəblərin, BMT binalarının, ibadətgahların və humanitar yardım mərkəzlərinin bombalanması ilə beynəlxalq insan hüquqları hüququnu, Haaqa nizamnamələrini, Cenevrə Konvensiyalarını və Roma Statutunu pozmaqla yanaşı, aclığı müharibə silahına çevirməklə və işğal etdiyi ərazilərdə yaşayış məntəqələri salmaqla bu məsələdə qəbul olunmuş bütün BMT Təhlükəsizlik Şurasının qətnamələrini də pozur.

Yəni İsrail, iki ildir davam edən Qəzza müharibəsində beynəlxalq nizamın davamlılığını təmin edən bütün qaydaları, qüvvədə olan və tarixə düşmüş demək olar ki, hər bir normanı yox saydı və hələ də yox saymağa davam edir.

Bundan əlavə, İsrail tərəfi olduğu Beynəlxalq Ədalət Məhkəməsinin Soyqırım Konvensiyasını pozaraq və ABŞ vasitəsilə bu məhkəməyə təzyiq göstərərək qlobal sistemin davamlılığını yerlə-yeksan edir.

İsrailin törətdiyi müharibə cinayətlərinin təfərrüatları nələrdir?

Qəzzada baş verənlər, beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində çoxsaylı ağır pozuntuları özündə ehtiva edir.

Mülki şəxslərin ayrı-seçkilik edilmədən hədəf alınması, qeyri-mütənasib güc tətbiqi və infrastrukturun sistemli şəkildə məhv edilməsi, Cenevrə Konvensiyalarının müəyyən etdiyi beynəlxalq adət hüququ qaydalarının açıq şəkildə pozulması deməkdir.

Beynəlxalq hüquqa görə, müharibə dövründə xəstəxanalar, tibb işçiləri və yardım təşkilatları mütləq qorunma altında olmalıdır.

Lakin İsrail, bütün dünyanın gözü qarşısında Qəzzada səhiyyə infrastrukturunu planlı şəkildə məhv etdi və hətta mülki şəxsləri daşıyan təcili yardım maşınlarını belə vurmaqda davam edir.

Qəzzaya tətbiq edilən blokada və humanitar yardımın qarşısının alınması isə, mülki əhalinin aclığa məruz qoyulmasını qadağan edən Roma Statutunu və bu məsələdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 18 fərqli qətnaməni pozdu.

Qida, dərman və yanacağın bölgəyə çatdırılmasının qarşısının alınması, mülki əhali üzərində kütləvi kollektiv cəza effekti yaradır ki, bu da Cenevrə Konvensiyasına əsasən açıq şəkildə müharibə cinayəti hesab olunur.

Bununla yanaşı, ağ fosfor və müharibələrdə qadağan olunmuş digər yanıcı sursatların mülki ərazilərdə geniş şəkildə istifadəsinə dair hesabatlar da ciddi hüquqi mübahisələr doğurur.

Bundan əlavə, İsrailin məcburi köçürmə siyasəti Roma Statutuna əsasən insanlığa qarşı cinayət və aparteid tətbiqləri deməkdir.

Beynəlxalq Cinayət Məhkəməsinin 26 yanvar 2024-cü ildə qəbul etdiyi müvəqqəti tədbir qərarı isə Qəzzada soyqırım cinayətinin baş verdiyini göstərir. Hələ yekun hökm verilməsə də, bu qərar bağlayıcı xarakter daşıyır və beynəlxalq ictimaiyyətə hərəkətə keçmə öhdəliyi yükləyir.

Dünya İsraili niyə dayandıra bilmir?

Bugün beynəlxalq ictimaiyyətin, bütün bu faktlara baxmayaraq, Qəzzadakı ağır pozuntuların qarşısını ala bilməməsinin əsas səbəbi geosiyasi balansların hüququn qarşısına keçməsi, daha dəqiq desək, “güclünün haqlı olduğu” və “cəngəllik qanunlarının” işlədiyi bir dövrün yaşanmasıdır.

BMT Təhlükəsizlik Şurası xüsusən də ABŞ-ın vetoları səbəbindən funksiyasını itirib. İsrailin hərbi təchizat zənciri, kəşfiyyat əməkdaşlığı və regional təhlükəsizlik şəbəkələri isə Qərb blokunun böyük bir hissəsini faktiki olaraq ona bağlı vəziyyətə salır.

Bütün bunlara Qərbin onilliklər boyu işğalları leqallaşdırmaq üçün istifadə etdiyi saxta “terrorla mübarizə” doktrinasının və “özünümüdafiə” bəhanəsinin ikili standartları da əlavə olunanda, humanitar hüququn əsas prinsipləri arxa plana keçir.

Dünyada bu məsələdə böyük fikir ayrılığı olsa da, Avropada bəzi ölkələr tədricən insan hüquqları prizmasından Qəzzaya yanaşmağa başlasa da, digərləri enerji, təhlükəsizlik, müdafiə maraqları və yəhudi lobbilərinin təsiri səbəbindən hələ də susmağı üstün tutur.

Ərəb dünyası isə daxili rəqabətlər, saxta “normallaşma” prosesləri və İran mərkəzli güc balansları səbəbindən kollektiv təzyiq yaratmaqda uğursuz olmağa davam edir.

Digər tərəfdən, beynəlxalq hüquq mexanizmlərinin sanksiya gücü də olduqca məhduddur.

Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını icra etmək üçün məcburi bir mexanizm mövcud deyil. Bu məhkəmənin verdiyi həbs qərarları tamamilə dövlətlərin əməkdaşlığına bağlıdır və bu da hüququn yalnız Qərbə xidmət edən kağız üzərindəki bir anlayış olduğunu göstərir.

İsrail necə dayandırıla bilər?

Qəzzadakı pozuntuların qarşısını almaq üçün ilk növbədə beynəlxalq sistemin tətbiq mexanizmində köklü dəyişikliklər tələb olunur.

BMT Təhlükəsizlik Şurasında veto hüququnun məhdudlaşdırılması və ya tarixdə istifadə olunan “Sülh naminə birləşmə” kimi bir mexanizmlə BMT Baş Assambleyasının bağlayıcı qərar qəbul edə bilməsi mühüm ilk addım ola bilər.

Silah təchizat zəncirlərinə daha sərt nəzarət tətbiq olunmalı və ciddi humanitar hüquq pozuntusu riski olan hallarda məcburi embarqo mexanizmi işə salınmalıdır.

Ümumdünya yurisdiksiyasından istifadə edən milli məhkəmələr daha fəal olmalı, fərdlərə qarşı hədəfli maliyyə sanksiyaları tətbiq edilməli və şirkətlərin insan hüquqları üzrə hesabat öhdəlikləri qlobal standart halına gətirilməlidir.

Bundan əlavə, BMT kimi beynəlxalq qurumlar soyqırım və etnik təmizləmə riski müəyyən edildikdə humanitar dəhlizlər, dəniz və hava körpüləri yaradaraq mülki əhalinin təhlükəsizliyini təmin etməlidirlər.

Lakin yekun həll mütləq şəkildə qlobal nizamın yenidən formalaşdırılmasında və siyasi iradədədir.

Artıq dünya, Qərbin maraqları üzərində qurulmuş və təkcə veto hüququ ilə belə soyqırımlara imkan verən bu sistemdən xilas olmalıdır.

“Dünya Beş”dən və “Qərb”dən böyükdür

Qəzza beynəlxalq hüququn ən fundamental problemlərinin aynasına çevrilib.

Beynəlxalq hüquq, ədalət və qlobal normaların gücü ilə onların tətbiqi arasındakı uçurum artıq bağlanmaz bir nöqtəyə çatıb.

Qəzzada müharibə cinayətləri, soyqırım və ağır insan hüquqları pozuntuları, BMT qərarları və ali məhkəmə orqanlarının təsbitləri ilə artıq sənədləşdirilmiş vəziyyətdədir.

Lakin bunların qarşısını almaq üçün qlobal iradə veto mexanizmi və geosiyasi hesablar üzündən iflic olmuş durumdadır.

Mövcud vəziyyətdə İsrailin Qəzzadakı cinayətlərini dayandırmaq beynəlxalq hüququ yenidən yazmağı deyil, mövcud hüququ tətbiq edəcək qlobal iradə və mexanizm yaratmağı tələb edir.

Və qlobal elitalar bunu görməməzlikdən gəlməyə çalışsalar da, bütün dünyada küçələrə çıxan xalqlar artıq qərarını verib.

Türkiyədən xüsusi olaraq Editor.az üçün,

Adəm Kılıç

Siyasi şərhçi, analitik

Chosen
7
editor.az

1Sources