Bakı, 27 avqust, AZƏRTAC
BMT-nin çərşənbə axşamı, avqustun 26-da açıqladığı hesabata görə, son on ildə əldə olunan irəliləyişlərə baxmayaraq, dünyada milyardlarla insan hələ də təhlükəsiz içməli su, kanalizasiya və gigiyenadan məhrumdur ki, bu da onları xəstəliklərə məhkum edir və sosial təcrid vəziyyətinə salır.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Uşaq Fondunun (UNICEF) “Ümumdünya Su Həftəsi” zamanı dərc etdiyi hesabatda ən böyük bərabərsizliklə üzləşən həssas icmalara münasibətdə davamlı boşluqlar vurğulanır.
Təxminən 2,1 milyard insan hələ də təhlükəsiz idarə olunan içməli suya çıxışdan məhrumdur, dünyada 106 milyon nəfər təmizlənmə prosesini keçməyən mənbələrə etibar etmək məcburiyyətindədir.
ÜST-nin Ətraf Mühit, İqlim Dəyişikliyi və Sağlamlıq Departamentinin direktoru Rudiger Kreç bildirib ki, su, kanalizasiya və gigiyena imtiyazlar deyil, əsas insan hüquqlarıdır.
Hesabat göstərir ki, ən az inkişaf etmiş ölkələrdə yaşayan insanlar əsas içməli su və kanalizasiya xidmətlərindən digər ölkələrdəki insanlardan iki dəfə çox məhrumdurlar və gigiyena qaydalarına riayət etmədən yaşamaq ehtimalı üç dəfə çoxdur.
Təxminən 1,7 milyard insan hələ də evdə əsas gigiyena xidmətlərindən məhrumdur, o cümlədən 611 milyon insanın bununla bağlı heç bir şəraiti yoxdur. BMT Davamlı İnkişaf Məqsədlərinə çatmaq naminə ən çox təcrid olunmuş icmalar üçün fəaliyyəti sürətləndirməyə çağırıb. “Hazırkı tempdə hər bir uşaq üçün təhlükəsiz su və kanalizasiya vədi əlçatmaz olur və bizə xatırladır ki, ona ən çox ehtiyacı olanlara kömək etmək məqsədilə daha sürətli və daha cəsarətli hərəkət etməliyik”, -deyə hesabatda vurğulanır.