EN

Çində Azərbaycan Turizm Bürosunun daimi nümayəndəliyinin açılması nəzərdə tutulur

Bakı, 27 avqust, AZƏRTAC

Gələn il Çində Azərbaycan Turizm Bürosunun daimi nümayəndəliyinin açılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən “China Ready” proqramının təqdimatına həsr olunmuş tədbirdə deyib.

“Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı turizm sahəsində də özünü göstərir. Bu ilin aprelində Pekində imzalanan hər iki ölkə vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsi haqqında saziş bu proseslərin ən bariz nümunəsidir. Əlbəttə, ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşması turist axınının artmasına birbaşa təsir edəcək. Bu həm də turizm sahəsində işgüzar fəaliyyətin artmasına, iqtisadi , humanitar və mədəni əlaqələrin də genişlənməsinə töhfə verəcək.

Dövlət Turizm Agentliyinin yarandığı ilk illərdən Çin bizim üçün prioritet bazarlar sırasında yer alıb. Çində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə bu günədək müxtəlif istiqamətli fəaliyyətlər həyata keçirilib. Çində keçirilən beynəlxalq turizm sərgiləri və tədbirlərində iştirakı, Çinin Pekin, Şanxay, Quançjou, Şençjen, Çenqdu kimi böyük şəhərlərində silsilə təqdimat tədbirlərini, turizm sənayesi və media nümayəndələri ilə əməkdaşlıq görüşlərini, onlayn platformalarda marketinq fəaliyyətlərini qeyd edə bilərəm”, - deyə Fuad Nağıyev əlavə edib.

O qeyd edib ki, ölkələrimiz arasında birbaşa uçuşların sayının artması da müsbət məqamlardan biridir.

Chosen
4
1
azertag.az

2Sources