BAKI, 27 avqust. TELEQRAF
Türkiyənin Liviyadakı diplomatik-hərbi addımları Aralıq dənizində güc balansını kökündən dəyişdirib.
Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın “Banking News” portalı yazıb.
Təhlildə Ankaranın Liviyanın şərqində konsulluq açması və Türkiyə Milli Kəşfiyyat Təşkilatının buradakı qüvvələrin komandanı general Xəlifə Haftarla görüşünün bölgədəki güc balansını pozacaq hadisələr arasında yer aldığı bildirilib. Qeyd edilib ki, bu addımlar təkcə hərbi sahədə yox, diplomatik münasibətlərdə də yeni səhifə açacaq.
Yunan nəşri Ankara ilə Liviyanın mərkəzi hökuməti arasındakı köklü əlaqələrə də diqqət çəkib. 2011-ci il vətəndaş müharibəsi zamanı onun Tripolidəki hökumətə verdiyi dəstək Ankaranın bölgədəki mövqeyini daha da gücləndirib.
Türkiyənin Liviyadakı mövcudluğu analizdə təkcə diplomatik təşəbbüs kimi deyil, həm də “Aralıq dənizinin cənubunda yaradılmış forpost” kimi qiymətləndirilib. Məqalədə Kalının Haftarla təması Yunanıstan-Kipr-Misir və Yunanıstan-Kipr-İsrail üçtərəfli ittifaqlarının təsirini zəiflədəcəyi şərh edilib.
Təhlildə ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tomas Barakın açıqlamalarına da istinad olunub. Barak bildirib ki, Vaşinqtonun Yaxın Şərqlə bağlı yeni siyasəti keçmişdən kəmiyyətcə fərqli olacaq. Qərbin illərdir bölgədə öz maraqlarını güddüyünü qeyd edən səfir bundan sonra Türkiyənin də maraqlarının nəzərə alınacağına işarə edib. Bu bəyanat, xüsusən də İsraildə tənqidlə qarşılanıb.
“Banking News” yazıb ki, baş verənlər Yunanıstan və Kipr üçün ciddi nəticələrə səbəb ola bilər. Mənbə xəbərdarlıq edib ki, Türkiyənin Liviyadakı mövcudluğu Afinanı Şərqi Aralıq dənizində təcrid edə bilər. Məqalədə həmçinin vurğulanıb ki, Ankaranın enerji xətlərinə nəzarət etmək məqsədi geridönüşü olmayan bir nöqtəyə çatıb və bu, Yunanıstanı faktiki olaraq xəritədən silə bilər.