EN

Zəngəzur dəhlizi necə “Tramp marşrutu”na çevrildi? - Prezident AÇIQLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Zəngəzur dəhlizinin “Tramp marşrutu”na necə çevrilməsindən danışıb.

Modern.az-ın məlumatına görə, İlham Əliyev əvvəlcə Azərbaycan iki yerə bölünməsindən bəhs edib:

“Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı.

Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar.

Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq. Bu, çox narahatlıq və problemlər yaradır".

Prezident xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı Zəngəzur dəhlizini də tutmaq olardı, lakin Azərbaycan Ordusu bunə getməyib:

“İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik”.

Prezidentin sözlərinə görə, təxminən beş il ərzində Ermənistan Azərbaycanın tələbləri və qanuni istəkləri qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə rəsmi Bakı onlara belə mesaj verdi: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil.

“Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.

Dövlət başçısı Zəngəzur dəhlizində yolla kimin tikəcəyinə hələ aydınlıq gəlmədiyini qeyd edib:

“Hələ qərar verilməyib, amma bəli, bu, amerikalı investorlar tərəfindən həyata keçirilə bilər. Əslində, bizim üçün bu, vacib deyil. Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar. Düşünürəm ki, layihənin həyata keçirilməsi çox yaxındır və indi iş Ermənistanın üzərinə düşür. Bir daha demək istəyirəm ki, Azərbaycanın iki hissəsini birləşdirən bütün infrastruktur bizim ərazimizdə artıq yaradılır. Amma bu, yalnız Azərbaycanın iki hissəsinin birləşdirilməsi demək deyil, bu, yeni nəqliyyat xəttini çəkmək deməkdir.

Bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq.

İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”.

Chosen
31
17
modern.az

8Sources