EN

Vuçiç: Serbiyadakı etirazlar islahatlara deyil, ölkənin sabitliyini pozmağa yönəlib - ÖZƏL

Serbiya prezidenti Aleksandr Vuçiç hesab edir ki, ölkədə keçirilən kütləvi etiraz aksiyaları problemlərin həllinə yox, daha da dərinləşməsinə və dövlətin destabilizasiyasına (sabitliyin pozulmasına) gətirib çıxarır. "Bu etirazların məqsədi islahat deyil, sabitliyin pozulmasıdır. Serbiya hökuməti isə dialoqa, sabitliyə və demokratik institutları gücləndirən islahatlara sadiqdir. Bu, xalqımızın maraqlarına xidmət edən yeganə yoldur", - Vuçiç "Financial Times" qəzetində dərc olunan açıq məktubunda yazıb. Olaylar.az xəbər verir ki, Serbiya prezidenti həmçinin əvvəlki bir məqalədə Serbiyanın "avtoritarizm və ya müxalifətin tələblərinə tam boyun əymə" arasında seçim etməli olduğu iddiasını rədd edib. Onun sözlərinə görə, bu, yanlış yanaşmadır, çünki hökumət daim etirazçılarla danışıqlara hazır olub, lakin onlar bunu dəfələrlə rədd ediblər. Vuçiç əlavə edib ki, Novi-Saddakı faciədən sonra vətəndaşların narahatlıqlarını aradan qaldırmaq üçün ciddi addımlar atılıb - cinayət işləri başlanıb, korrupsiya istintaqları aparılıb, sabiq baş nazir Miloş Vuçeviç istefa verib. Etirazçıların irəli sürdüyü növbədənkənar seçki tələbinə cavab olaraq Vuçiç bildirib ki, "demokratik ölkələrdə hər etiraz zamanı seçki tarixini dəyişmək olmaz, bu, birbaşa vətəndaşlara zərər verər". Prezident həmçinin Serbiyanın "vətəndaş müharibəsi ərəfəsində" olması barədə mediada yayılan məlumatların dialoq imkanlarını daraltdığını və gərginliyi daha da artırdığını vurğulayıb.
Xatırladaq ki, Serbiyada etirazlar 2024-cü ilin noyabrından davam edir. Buna səbəb Novi-Sad dəmir yolu vağzalında baş verən faciə olub - çardağın uçması nəticəsində 15 nəfər həlak olub. Vətəndaşlar məsuliyyəti hakimiyyətin üzərinə qoyur və növbədənkənar parlament seçkiləri tələb edirlər. Avqust ayının ortalarından etibarən etirazlar polis ilə toqquşmalara çevrilib, bəzi şəhərlərdə etirazçılar iqtidardakı Serbiya Tərəqqi Partiyasının ofislərini dağıdıb və yandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources