EN

“Nəsiminin nəşinin Azərbaycana gətirilməsi mühüm tarixi hadisə olacaq” Tural Gəncəliyev

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan dövləti böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarının Suriyadan gətirilməsi ilə bağlı təşəbbüs irəli sürüb.

Bu məqsədlə Suriya tərəfi ilə ilkin təmaslar qurulub. Artıq qarşı tərəfə məsələ barədə rəsmi məlumat verilib.

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, İmadəddin Nəsiminin məzarının Azərbaycana gətirilsə mühüm mədəniyyət və tarixi hadisə kimi qeyd olunmalıdır:

” İmadəddin Nəsimi Azərbaycan xalqının yetişdirdiyi elə bir fikir və söz adamıdır ki, onun şöhrəti hələ əsrlər öncə ölkəmizin sərhədlərini aşaraq bütün Yaxın Şərqdə, ərəb dünyasında, həmçinin dünyanın digər bölgələrində qəbul edilmişdir.

Nəsimi həyatının böyük bir hissəsini Azərbaycanda keçirdikdən sonra 1394-cü ildə Yaxın Şərqə səyahət etmiş, Suriyanın Hələb şəhərinə çatanda isə sultan tərəfindən həbs olunaraq edam edilmişdir. Onun nəşinin Suriyadan Azərbaycana gətirilməsi, şübhəsiz ki, mühüm tarixi və mədəni hadisə olar.

Xüsusilə nəzərə alsaq ki, Suriyada vətəndaş müharibəsi dövründə müxtəlif terrorçu qruplaşmalar dəfələrlə Nəsiminin məzarını və mavzoleyini təhdid etmişdilər. Hazırda Suriyada nisbi sabitlik olsa da, ölkənin tam stabilləşmədiyini nəzərə alsaq, nəşinin Azərbaycana gətirilməsi zəruri və mümkün görünür”.

Deputat onu da vurğuayıb ki, dünya tarixində də tanınmış şəxsiyyətlərin nəşinin bir ölkədən digərinə köçürülməsi faktlarına tez-tez rast gəlinir:

“Məsələn, Fransanın məşhur filosofu Rene Dekart XVII əsrin ortalarında Stokholmda dəfn edilmiş, lakin bir neçə ildən sonra Parisdəki Saint-Germain-des-Pres kilsəsinə köçürülmüşdür. Həmçinin fransız mütəfəkkirləri Volter və Jan Jak Russo da ölümündən sonra müxtəlif yerlərdən Parisə gətirilmişlər.

Digər nümunələrə baxdıqda, məşhur serb alimi Nikola Teslanın nəşi Nyu-Yorkdan Belqrada köçürülmüş, rus alimi Mixail Lomonosovun məzarı da sonradan başqa yerə yerləşdirilmişdir. Yaxın Şərqin böyük mütəfəkkiri, Avropada “Avicenna” kimi tanınan İbn Sinanın da məzarı köçürülərək bərpa olunmuşdur.

Bütün bu tarixi faktlar göstərir ki, böyük şəxsiyyətlərin məzarlarının doğma torpaqlarına qaytarılması dünya təcrübəsində geniş yayılmışdır. Bu baxımdan, İmadəddin Nəsiminin nəşinin Azərbaycana gətirilməsi həm milli-mədəni irsimizin qorunması, həm də təbliği baxımından mühüm hadisə olacaqdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
icma.az

1Sources