Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”la Portuqaliya təmsilçisi “Portimonense” klubu arasında əməkdaşlıq inkişaf etdiriləcək.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə təşrif buyurub. Ağdam klubunun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.
Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. “Qarabağ”ın İdarə Heyətininin üzvləri qonaqla xatirə şəkli çəkdiriblər.