EN

“Rutube” işçilərini ixtisar edir


Rusiyanın “Rutube” video platforması işçilərinin ixtisarına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Frank Media” şirkətə yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, kadr ixtisarları “Qazprom-Media Holdinq”in üç media aktivini – “Rutube”, “Premier” onlayn kinoteatrını və “Yappy” qısa video tətbiqini vahid platformada birləşdirməsi ilə bağlıdır.
Holdinqin mətbuat xidməti açıqlamasında qeyd edib ki, xidmətlərin birləşməsi nəzərə alınaraq komandaların funksionallığının yenidən qurulması və optimallaşdırılması üçün müxtəlif variantlar nəzərdən keçirilir.
Mənbələrdən birinin sözlərinə görə, işçilərə müqaviləyə qarşılıqlı xitam barədə məlumat verilib və onlara iki aylıq əməkhaqqı ödəniləcəyi bildirilib. “Rutube” indiki formada fəaliyyət göstərməyəcək”, – deyə o əlavə edib. Qeyd olunub ki, şirkətlərin birləşdirilməsi nəticəsində bir çox ikili vəzifələrə ehtiyac qalmayıb.
Digər mənbə isə vurğulayıb ki, kadrların saxlanılması üçün şirkətin maliyyə imkanları kifayət etmir və optimallaşdırma prosesi “mümkün qədər tez” həyata keçirilir. “Rutube”un Moskvanın Alkon biznes mərkəzində yerləşən ofisində artıq “çoxlu boş stulların” olduğu da diqqətə çatdırılıb.
İyun ayında “Qazprom-Media Holdinq”in baş direktoru Aleksandr Jarov üç platformanın birləşdirilməsi qərarının illər əvvəl qəbul olunduğunu və prosesin iki ildir davam etdiyini açıqlamışdı. O, 2026-cı ilin birinci yarısında bu üç media aktivinin vahid platforma şəklində fəaliyyət göstərəcəyini bəyan edib.
Qeyd edək ki, “Qazprom”un 2024-cü il maliyyə hesabatına əsasən, şirkətin media biznesində 247 milyon rubl xalis zərər qeydə alınıb.

Murad Məmmədov
Chosen
4
1
yeniavaz.com

2Sources