EN

İki kitab haqqında bir yazı

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

(“Qələmsiz yazılanlar” silsiləsindən)

Kağız kitablarla təmasda olanda nəfəs dərməyə, oxuduqlarının dərin qatlarına varmağa imkan və vaxt olur. Arada dayanırsan, ya səhifəni qatlayır, ya əlfəcindən istifadə edirsən, cümlələrin səni aparıb çıxardığı məkanda xəyalən gəzib-dolaşırsan, müəlliflə polemikaya girirsən. Çağdaş texnologiyaların gətirdiyi populyar formalarda, elektron kitablarda bunları etmək çətin olur; ya çaparaq nəyəsə nəzər yetirib keçib gedirsən, ya uzun çıxış və müsahibə videolarında kitabların yaratdığı kimi gəzişmələrə, dayanmalara, nəfəs dərmələrə, düşüncələrə ümumiyyətlə imkan olmur. Qaçaraq aldığın informasiya elə həmin sürətlə də unudulub gedir, itib-batır. Kitabın vacib və önəmli üstünlüyü oxunanların yaddaşa möhkəm yazılmasındadır, məncə. Amma indi bu nə qədər vacibdir? Biliyin və düşüncənin dərinliyi kiməsə lazımdırmı? Əlüstü yeyilən təamlar mədəni müvəqqəti sakitləşdirdiyi kimi, qaçaraq informasiyalar da beyini aldadıcı qidalandırır, düşünmə tənbəlliyi, xaotik ovqat yaradır. Gileylənmək, özünü aşağı görmək, az qala, bəzi insanların vərdişinə çevrilib. Bu insanlar tez-tez müxtəlif qüsurları qabardır və bəzən "niyə bizdə filosoflar, sosioloqlar, fikir, düşüncə adamları yoxdur?" deyib təəssüflənirlər.
Son zamanlar tez-tez vərəqlədiyim, oxuduğum və məni dərin düşüncələrə sövq edən iki kitab var. Onlardan biri Fazil Mustafanın bu il işıq üzü görən "Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə" kitabı, digəri isə yazıçı İlqar Fəhminin Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2023-cü ildə çap olunan "Şərq arxetipləri" əsəridir. Vaxtaşırı hər iki kitaba yenidən nəzər salıram və qürur duyuram ki, bizim dərin fəlsəfi düşüncəyə malik belə iki fikir adamımız var.
Fazil Mustafa hadisələrə daha çox siyasətçi-filosof gözüylə baxırsa, İlqar Fəhmi ədəbiyyat adamı, incəsənət xadimi mövqeyindən yanaşır.

Fazil Mustafanın kitablarında bəzən mübahisəli məqamlar yer alsa da, bəzi oxucular bu fikirlərlə razılaşmasalar da, yaxud müəyyən qütblərin təsiri altında olanlar orada qüsurlar axtarsalar da, fikrimcə, onun qənaətləri realist, doğru və ədalətlidir. Fazil bəyin baxışları ilə bu kitabdan öncə də tanış idim. Çox zaman da fikirlərimiz üst-üstə düşür. Onun Azərbaycan tarixində baş verən hadisələrə, xüsusilə Səfəvilərə, Şah İsmayıla, Nadir Şaha münasibəti fərqlidir və hesab edirəm ki, bu, olduqca vacib və polemikaya açıq mövzulardır. Eyni zamanda, Fazil bəy Gülüstan və Türkmənçay müqavilələrinə də özünəməxsus yanaşır. "Əgər bu müqavilələr olmasaydı, Azərbaycan harada idi? Biz harada idik?" kimi sualları gündəmə gətirir. Onun kitabı sitatlarla zəngindir, müəllif qənaətlərini əsaslandırmaq üçün ayrı-ayrı alimlərin və mütəfəkkirlərin fikirlərinə istinad edir. Məsələn, Cəfər Cabbarlının Mirzə Fətəli Axundzadə haqqında yazdığı məqaləsindən gətirdiyi sitat mənim üçün yeni və düşündürücü idi: "Çar Rusiyasının etdiyi ən faydalı iş bizi Osmanlı sünni şəriətindən və İran şiə şəriətindən qurtarmaq olmuşdur". Fazil bəy "Bizim İslamsonrası tariximiz sünnilik adı altında ərəb, şiəlik adı altında fars irqçiliyinə könüllü köləlikdən başqa bir şey olmayıb" deyərək, bəzilərinin xoşuna gəlməyəcək, topa tutacağı cəsarətli fikirlər səsləndirir. O, bir siyasətçi kimi hadisələrə hədsiz realist və soyuqqanlı qiymət verir. Azərbaycan Respublikasının Şərqi Zəngəzur, Qarabağın işğaldan azad edilmiş hissələri və Qazaxın kəndləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini "Bütöv Azərbaycan"ın bərpası kimi qiymətləndirir və gələcəyimiz üçün dövlətimizin möhkəmləndirilməsinin vacibliyini əsas təməl olaraq qeyd edir. Qonşu ölkələrdə yaşayan soydaşlarımızla bağlı populist, reallıqdan uzaq fikirlərə də soyuqqanlı yanaşır: "İranda yaşayan Azərbaycan türkləri demokratik və federativ İran mərkəzli düşüncəyə, Gürcüstanda yaşayan Azərbaycan türkləri isə demokratik və bütövləşmiş Gürcüstan Respublikası mərkəzli düşüncəyə yönəldilməlidir". Fazil bəyin fikrincə, bu gün çağdaşlıq milli ideologiyanın əsasını təşkil etməlidir. O öz təfsirində çağdaşlığın nə olduğunu izah edir və bu ideyaya aydınlıq gətirir. Fikrimcə, kitabda yer alan üstüörtülü və ehtiyatla səsləndirilən fikirlər daha açıq və aydın şəkildə müzakirələrə çıxarılmalı, cəmiyyətin ziyalı təbəqəsi bu fikirlərlə yaxından tanış olmalıdır. Azərbaycanın çağdaşlaşması ideyası barədə Fazil bəyin arqumentləri ətrafında düşünülməli, dinçi, xürafatçı, cahil kəsimin populist şüarlarının məğzi, mahiyyəti, vurduğu ziyan aydın çatdırılmalıdır.

İlqar Fəhminin vaxtaşırı nəzər saldığım kitabında da məni heyrətləndirən məqamlar çoxdur. O, yazıçı və incəsənət adamı kimi muğama, klassik poeziyaya dərindən bələddir, bu kontekstdə xalqımızın arxetiplərini araşdırır. Qəzəl və nərd oyununun xalqın düşüncə tərzinə necə sirayət etdiyini və ya əksinə, düşüncə tərzimizin bunların yaranmasında rolunu maraqlı şəkildə təqdim edir, düşündürücü qənaətlərə gəlir. Eyni zamanda, teatr və səhnə sənətinə münasibətimizin niyə avropalılar kimi deyil, soyuq və etinasız olduğunu, bunun əvəzində toy-düyün və dini mərasimlərə kütləvi şəkildə qatılmağımızın səbəblərini inandırıcı arqumentlərlə izah edir. Müəllif "atalar və oğullar" problemini Avropa ilə müqayisə edərkən bizim cəmiyyətimizdə nədən daha çox "gəlin-qayınana" konfliktinin qabarıq olduğuna da maraqlı yozum verir.

Hər iki kitabı birləşdirən ümumi cəhət düşünməyə vadar etməsidir. Altşüurumuzda bizi narahat edən, nigaran qoyan, danışılmasını yasaqladığımız mövzuları müəlliflər qıcıqlandırıcı və cəsarətli fikirlərlə gündəmə gətirərək beynimizi silkələyirlər. Həqiqət isə belə silkələnmələrdən sonra ortaya çıxır.

Fikrimcə, hər iki düşüncə adamımızın bu əsərləri daha geniş müzakirəyə çıxarılmalıdır. Hətta ürəyimdən belə bir fikir keçir ki, hər iki kitabda toxunulan ortaq mövzular ətrafında Yazıçılar Birliyində Fazil Mustafa və İlqar Fəhminin iştirakı ilə müzakirə təşkil edək, mütəxəssislərlə, fikir adamlarıyla, ziyalılarla açıq diskussiya şəraitində fikir mübadiləsi aparaq. Əsas məqsəd onların fikirlərini ictimaiyyətə daha çox çatdırmaqdır. İnsanların kitabdan, mütaliədən və ümumiyyətlə düşünməkdən uzaqlaşdığı bir dövrdə, düşüncə adamlarının vacib fikirlərinə marağın artırılması üçün bütün vasitələrdən istifadə olunmalıdır. Bu günlərdə bir alim xanımın Mirzə Fətəli Axundzadədən tutmuş bir sıra mütəfəkkir-maarifçilərimizi ucdantutma qaralayan fikirlərinin şahidi oldum. Fikrimcə, bu cür anormal yanaşmalara qarşı məhz Fazil Mustafa və İlqar Fəhmi kimi düşüncə adamlarımızın soyuqqanlı və ağıllı fikirləri ilə cavab verməliyik.

Chosen
21
1
turkustan.az

2Sources