EN

Qazaxın dörd kəndindən sonra hədəf Kərki: Masada yeni mərhələ BAŞLAYIR

44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri bölgədə tamamilə yeni geosiyasi reallıq yaradaraq regionda güc balansını dəyişdi. Azərbaycan qazandığı qətiyyətli qələbə ilə həm hərbi, həm də diplomatik imkanlarını ortaya qoydu. Bunun ən bariz nümunələrindən biri Qazaxın dörd kəndinin bir güllə atılmadan, bir şəhid verilmədən Azərbaycanın nəzarətinə qaytarılması oldu. Bu, ölkənin diplomatik resurslarının uğurlu nəticəsi kimi dəyərləndirilir.

Lakin hələ də Ermənistanın nəzarətində qalan Azərbaycan kəndləri var. Bunlara Qazax rayonunun Sofulu, Xudarlı, Yuxarı Əskipara kəndləri və Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndi daxildir.

Siyasi analitik İlyas Hüseynov Editor.az-a bildirib ki, bu kəndlərin də Azərbaycanın nəzarətinə qaytarılması milli maraqlar baxımından vacib məsələdir.

Ekspert hesab edir ki, əsas çətinliklərdən biri həmin kəndlərə yol infrastrukturunun olmamasıdır:

“Bu səbəbdən məsələ daha çox diplomatik masada həllini tapmalıdır. Ermənistan tərəfi isə öz növbəsində Gədəbəy rayonunun Başkənd kəndinə iddia irəli sürür və mövcud vəziyyətin həlli üçün ərazi mübadiləsi, yaxud kəndlərin mövcud dövlətlərdə saxlanılması kimi variantlar müzakirə olunur.

Bütün bu proseslər Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya komissiyasının fəaliyyətinə bağlıdır. Baş nazirlərin müavinləri səviyyəsində davam edən danışıqların konstruktiv nəticələr verdiyini vurğulayan İlyas Hüseynovun fikrincə, kəndlərin taleyi də Azərbaycan milli maraqlarına uyğun şəkildə həllini tapacaq”.

//Gülnarə Abasova, Editor.az

Chosen
16
editor.az

1Sources