İstanbul, 27 avqust, Günel Karatepe, AZƏRTAC
Artıq uzun illərdir Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi (Vizyon Teatrı) Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd etməyə hazırlaşır.
Bu barədə AZƏRTAC-a müsahibəsində teatrın rəhbəri, aktrisa Kamalə Kamal Cabbarova məlumat verib.
O bildirib ki, Azərbaycan milli şüurunun oyanışında böyük xidmətləri olan Bəxtiyar Vahabzadəni yad etmək, onun yaradıcılığını daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə geniş proqram hazırlanır.
“Bəxtiyar Vahabzadənin dövrün çətinliklərinə baxmayaraq xalqın milli kimliyini oyandırmaq məqsədilə qələmə aldığı əsərləri illər keçməsinə baxmayaraq hələ də aktuallığını qoruyur. Bütün bunları gələcək nəslə çatdırmaq isə bizim ən böyük vəzifəmizdir. Görkəmli şairin yazdığı şeirlərdə Vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzular ən güclü və dərin məzmunlarla oxucuya çatdırılır. Onun şeirlərinə baxdığımızda gözə çarpan ilk məqam Vətən sevgisidir. Biz incəsənət təmsilçiləri olaraq bütün bunları sənətin dili ilə tamaşaçıya çatdırmalıyıq. Bu məqsədlə İstanbulda ikigünlük geniş proqramla tamaşaçı qarşısına çıxmağa hazırlaşırıq. Proqrama Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi, şairin həyatını və əsərlərini izah edən panel iclas daxildir. Proqram çərçivəsində hazırladığımız “İstiqlala şairi” sənədli filmin təqdimatı, Türkiyə-Azərbaycan Teatrının şairin əsərləri əsasında hazırladığı "Yağışdan sonra" ikipərdəli tamaşasının premyerası da olacaq. Sənədli film Hafiz Ataxanlı, Günel Karatepe, Zeynəb Yalçın, Sahil Nəzərovanın birgə fəaliyyəti nəticəsində hazırlanıb. Filmin bəstəkarı Orxan Lətifzadədir. Rejissorluğunu Minə Bayrakerinin üzərinə götürdüyü səhnə əsərinin musiqi tərtibatı Vüsalə Əsgərova, dekorasiyası Aylin Axundzadə və Bülent Altaya aiddir. Tamaşanın truppa müdiri Bəhram Afsaldır. Hər iki layihənin rəhbəri mənəm. Tədbirdə Orxan Lətifzadənin Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi əsər də ilk dəfə səsləndiriləcək”,- deyən aktrisa bildirib ki, artıq altı aydır hazırlıqları davam edən layihə Azərbaycan Diasporuna Dəstək Fondu, Mədəniyyət Nazirliyi və Türkiyənin müvafiq qurumlarının dəstəyi ilə ərsəyə gətirilir.
Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dəyərli şəxsiyyətlərindən biri olduğunu qeyd edən teatr rəhbəri deyib: “Şairin geniş oxucu kütləsinə xitab edən əsərləri Türk mədəniyyətinə böyük töhfə vermiş dəyərli incilərimizdəndir. Bizim də məqsədimiz bunun gənclərə çatdırmaqdır. Tədbir də Bəxtiyar Vahabzadəni tanıtmaq, onun həyatının və əsərlərinin bizlərə təsiri haqqında məlumat vermək üçün həyata keçirilir. Bu kimi proqramların gənclərin sənət və mədəniyyətlə bağlı maraqlarını artırmaq, yaradıcılıqlarını inkişaf etdirmək və onlara fərqli perspektivlər təqdim etməkdə rol oynayacağına inanıram”.
Qeyd edək ki, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi ölkəmizin mədəniyyət nümunələrini Türkiyədə təmsil edən yeganə sənət məbədidir.