Yaponiyanın avtomobil istehsalçısı “Nissan” məşhur “GT-R R35” idman avtomobilinin istehsalını başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə “Nissan”ın Mətbuat Xidməti məlumat paylaşıb.
Şirkət 2007-ci ildən bəri, 18 il ərzində, təxminən 48 min ədəd “GT-R R35” modeli istehsal edib.
Avtomobil həvəskarlarının rəğbətini qazanan “Nissan GT-R R35” 3.8 litrlik ikiturbinli V6 mühərriki ilə təchiz edilmişdi, onun gücü versiyadan asılı olaraq 480-600 at qüvvəsi arasında dəyişirdi.
Bu modelin hər bir mühərriki “Nissan”ın Yokohama zavodunda ustalar tərəfindən əllə yığılırdı.
Şirkət rəhbərliyinin açıqlamasına görə, “R35” modelinin istehsalının başa çatması “GT-R” hekayəsinin sonu demək deyil.
“Nissan” öz irsini qoruyub saxlamaq və yüksək gözləntilərə cavab verməli olan məşhur idman avtomobilinin yeni nəsli üzərində işləməyə davam edir”, – deyə şirkətdən bildirilib.