EN

Ukrayna lideri Zelenski niyə Krımdan imtina edə bilmir?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Trump-la keçirdiyi görüşün taleyini müəyyən edəcək mövzulardan birinin Krım olması gözlənilirdi.

Liderlər görüşdən sonra mümkün bir sülhə dair müsbət mesajlar versələr də, Rusiyanın işğal etdiyi ərazilərlə bağlı açıqlama gəlmədi.

Ərazi məsələsi 3 il yarımdır ki, davam edən Rusiya-Ukrayna müharibəsində sülhün qarşısındakı ən böyük maneələrdən biridir.

Trump Zelenski ilə görüşündən bir neçə saat öncə sosial mediada etdiyi paylaşımda "Krımı geri almaq söhbət mövzusu deyil" yazmışdı.

Ukraynanın cənubunda, Qara dəniz sahilindəki Krım rus qüvvələrinin buranı hüquqa zidd şəkildə işğal etdiyi 2014-cü ildən bəri Rusiyanın əlindədir.

Bu yarımada strateji baxımdan Rusiya üçün önəmlidir.

Rusiya lideri Vladimir Putin naməlum yaşıl rəngli uniforma geymiş sirli, maskalı hərbçilərin yerli parlamenti ələ keçirdiyi və yarımada boyu yayıldığı 2014-cü ilin fevralında, bununla hər hansı bir əlaqəsinin olmadığını demişdi.

Bu "kiçik yaşıl adamlar" Rusiyanın Ukraynaya qarşı 2022-ci ildə işğalla nəticələnən müharibəsinin başlanğıcı oldu.

Trump-ın fikrincə Ukraynanın cənubundakı bu yarımada "illər əvvəl itirildi" və sülh danışıqlarında "müzakirələrin bir hissəsi belə deyil".

Ancaq Zelenskinin Krımı Ukraynanın bölünməz bir parçası olaraq qəbul etməkdən vaz keçməsi məntiqli bir hərəkət olmazdı.

Ukraynalı müxalif millət vəkili İrina Qeraşenkonun dediyi kimi ifadə etsək, "ərazi bütövlüyü və suverenlik Ukrayna və ukraynalılar üçün qırmızı xətdir".

Putin daha sonra Ukraynanın Rusiya tərəfdarı liderinin devrilməsindən günlər sonra rəsmilərlə gecə boyu davam edən bir iclasda bu torpaq qəsbini planladığını etiraf etmişdi.

Krım Trump-ın önündə bir maneədir

Sülh sazişi imzalamağa tələsən bir ABŞ lideri üçün Krım böyük bir maneə təşkil edə bilər.

Trump Ukraynanın yaxın gələcəkdə Krımı geri alma şansının çox az olduğu və reallıqda, faktiki olaraq, Rusiyanın nəzarəti altında olduğu məsələsində haqlıdır.

Ancaq bu, vəziyyətin hüquqi tərəfi ilə əlaqəsi olmayan bir münasibətdir.

Zelenski Trump-ın o dövrdəki Dövlət katibi Mike Pompeo-nun 2018-ci ildə etdiyi "Krım deklarasiyası"na işarə edir.

Pompeo ABŞ-ın "Rusiyanın Krımı ilhaq cəhdini" rədd etdiyini və Ukraynanın ərazi bütövlüyü bərpa edilənə qədər buna davam edəcəyinə söz verdiyini demişdi.

Zelenski, Trump-ın o vaxt Krım mövzusunda Ukraynanı dəstəklədiyini və indi də buna sadiq qalmalı olduğunu vurğulayır.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir ərazi ilhaqı ABŞ tərəfindən hüquqi qəbul edilərsə, bu, beynəlxalq hüquq və BMT Nizamnaməsi prinsipləri baxımından nə demək olacaq?

Rusiyanın işğalı başlatmasından həftələr sonra İstanbulda Rusiya və Ukraynanın qarşıdakı məsələni 10-15 il içində həll etməyi hədəfləməsi təklifi irəli sürüldü.

Təklif qəbul edilmədi, amma bu, maneənin öhdəsindən gəlməyin bir yolu idi.

Zelenskinin əlləri Ukrayna konstitusiyası ilə bağlıdır

Zelenski Krımdan imtina etmə gücünə sahib olmadığı bir məsələdə qəti idi: "Burada danışılacaq bir şey yoxdur. Bu, konstitusiyamıza ziddir" demişdi.

Konstitusiyanın 2-ci maddəsində Ukraynanın suverenliyinin "mövcud sərhədləri içində bölünməz və toxunulmaz" olan "bütün əraziləri əhatə etdiyi" qeyd olunur.

Ukrayna torpaqlarında ediləcək hər hansı bir dəyişiklik ümummilli referenduma çıxarılmalıdır. Bu referendumu isə ölkə parlamenti təsdiqləməlidir.

Kiyevlə problem yaşayan təkcə Prezident Trump deyil.

Rusiya, həmçinin Ukrayna konstitusiyasını sülh səylərinin önündə bir "maneə" olaraq görür.

Konstitusiyada dəyişiklik edilə bilər, ancaq Ukrayna hərbi vəziyyət altında ikən bu mümkün deyil.

Rusiyanın qanunsuz ilhaqını təsdiqləmək, sadəcə Ukrayna üçün qırmızı xətt olmaqla qalmayacaq, eyni zamanda, Rumıniya kimi Qara dənizə sahili olan ölkələr üçün də qorxuducu bir nümunə təşkil edəcək.

Bu nümunə Qara dənizin çox uzaqlarında da hiss ediləcəkdir.

Rusiya niyə Krımda haqq iddia edir?

Tarixi səbəblərdən ötrü ruslar Krımı uzun zamandır öz torpaqlarının bir hissəsi olaraq görürlər və Putin Qara dəniz istirahət məkanları və mülayim yay iqlimli yarımada ilə "yaşayan və qopmaz bir bağ" olduğundan danışır.

Ancaq Krım Ukraynanın qalan hissəsi ilə birlikdə 1991-ci ildə dağılmaqda olan Sovet İttifaqından çıxaraq müstəqilliyinə səs verib.

O vaxt Kiyev Rusiyanın Sevastopol limanını Qara dəniz donanması üçün bir baza olaraq icarəyə götürməsinə icazə verib.

2014-cü ildəki ilhaqın ardından Putin, əvvəlcə 2018-ci ildə Kerç boğazı üzərində inşa edilən bir körpü tikərək və daha sonra 2022-ci ildə Azov dənizi sahili boyunca bir quru körpüsü ələ keçirərək Rusiyanın Krım üzərindəki nəzarətini möhkəmləndirməyə çalışdı.

Putin sovet lideri Nikita Xruşşovun 1954-cü ildə Krımı Ukraynaya verməsi ilə yol verilən bir səhvi düzəltdiyini düşünürdü.

Rusiya, "sadəcə, soyulmadığını, qarət edildiyini" söyləyib.

Krım, ilk olaraq 1783-cü ildə çar Rusiyası tərəfindən ilhaq edilmiş və Xruşşovun qərarına qədər Rusiyanın bir parçası olaraq qalmışdı.

Rusiya və Ukraynanın hər ikisi sovet respublikası idi, buna görə də 1954-cü ildə Kreml üçün böyük bir məsələ deyildi.

Chosen
52
bbc.com

1Sources