EN

İƏT-İsrail münasibətlərində həssas dönəm başlayır - məsələnin Azərbaycana da dəxli var...


Məhəmməd Əsədullazadə: “Ərəb ölkələri özləri İsrailə qarşı konkret addım atmırlar, amma digər müsəlman ölkələrindən istifadə etməyə çalışırlar”

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri (XİN) Şurası İsrailin BMT-yə üzvlüyünün nizamnaməyə uyğun olub-olmadığını daha ətraflı araşdırmağa çağırıb. Bu barədə İƏT-in rəsmi saytında birgə bəyanat yayımlanıb. "İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurası İsrailin BMT üzvlüyünün bu təşkilatın nizamnaməsinə uyğun olub-olmadığını araşdırmağa çağırır.

Bu çağırış İsrailin üzv olmaq üçün tələb olunan şərtləri aşkar şəkildə pozması və BMT qətnamələrinə davamlı olaraq məhəl qoymaması fonunda edilir. Bundan əlavə, İsrailin BMT üzvlüyünün dayandırılması üçün koordinasiyalı səylər göstərilməlidir", – nazirlərin yekun bəyannaməsində bildirilib.

“Azərbaycan bu məsələdən kənar qalmalıdır”

Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə “Bakı-Xəbər”ə bildirdi ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi cinayətlər, Livana və Suriyaya müdaxiləsi bir çox ərəb ölkələrinin İsrailə qarşı sərt mövqe ortaya qoymasına gətirib çıxarır: “İƏT-in böyük üzvləri məhz ərəb ölkələridir. Ərəb ölkələri konkret olaraq İsrailin hazırda həyata keçirdiyi siyasəti qəbul etmirlər və beynəlxalq müstəvidə İsrailə qarşı təzyiq mexanizmini həyata keçirməyə çalışırlar. Bir növ ərəb ölkələri özləri İsrailə qarşı konkret addım atmırlar, amma digər müsəlman ölkələrindən istifadə etməyə çalşırlar. Azərbaycanla İsrail arasında münasibətlər yüksək səviyyədədir, strateji tərəfdaşdılar. Düşünürəm ki, Azərbaycan bu məsələdən kənar qalmalıdır. İsrail bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır. Suriyanın da, Fələstinin də müstəqil olmasını BMT qətnamələrinə əsasən qəbul edir, Livanın da ərazi bütövlüyünü tanıyır. Amma İsrailin indiki hərəkətlərini də qəbul etmir. Ancaq ərəb ölkələri də Fələstinlə İsrail arasında bir problemdir”.

M.Əsədullazadə qeyd etdi ki, əlbəttə, İsrail də müstəqil bir dövlətdir, BMT qətnamələrinə məhəl qoymursa ərəb dövlətlərinin özü İsraili cəzalandırmalıdır. “Necə ki, Ermənistan BMT-nin qətnamələrinə məhəl qoymadı, Azərbaycan hərbi əməliyyatlar keçirərək BMT-nin qətnamələrini yerinə yetirdi. Ona görə də bu məsələdə Azərbaycan tərəfi narahat deyil, İsraillə ikitərəfli münasibətləri davam etdirəcək”-deyə M.Əsədullazadə bildirdi.

İradə SARIYEVA

Chosen
18
baki-xeber.com

1Sources