EN

Bakı küçələrində «at oynadan» xarici avtomobillər…

Bəs Azərbaycanın istehsal etdiyi avtomobillərə maraq niyə azdır?

Bu ilin ilk yeddi  ayında ölkəmizə xaricdən 1 milyard 171 milyon dollar dəyərində 63 min 401 ədəd avtomobil idxal edilib. Məlumata görə, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 12 min 222 ədəd və ya 23,9 faiz, dəyəri isə 227,2 milyon dollar və ya 24,1 faiz artıb. Ümumilikdə isə 2024-cü ildə  Azərbaycana 943,8 milyon dollar dəyərində 51 min 179 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, bir ədəd avtomobilin orta idxal qiyməti bu ilin ilk 7 ayına görə 18 min 470 dollar (31 min 398 manat) olub ki, bu da illik müqayisədə cüzi -29 dollar (49 manat) və ya 0,2faiz artıb.  Bu göstərici ötən ilin müvafiq dövründə 18 min 441 dollar (31 min 350 manat) idi.

Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 38,1 milyon dollar dəyərində 1180 ədəd, hibrid mühərrikli avtomobillərin sayı isə 601,2 milyon dollar dəyərində 29 min 958 ədəd təşkil edib. Yük avtomobillərinin ümumi sayı 57,1 milyon dollar dəyərində 4 min 759 ədəd, xüsusi təyinatlı avtomobillərin sayı 28,1 milyon dollar dəyərində 293 ədəd olub.

Bəs Azərbaycanın idxal etdiyi avtomobillər daha çox hansı ölkələrdən gətirilir? İndi bu suala cavab vermək üçün Bakı küçələrində hərəkətdə olan maşın markalarına diqqət yetirmək lazımdır. Aydın görünür ki,  idxal olunan avtomobillər arasında ilk yerdə Çin, Yaponiya və Koreya istehsalı olan nəqliyyat vasitələridir. Xüsusilə Çinin avtomobilləri daha çox elektromobil olduğu üçün  insanların marağını çəkir. Lakin ABŞ, Almaniya və Avropanın bəzi ölkələrindən də Azərbaycana avtomobillər idxal olunur. Dözümlülüyünə və komfortuna görə bu avtomobillərin də öz alıcıları var.

Məlumdur ki, bu gün Azərbaycan da avtomobil istehsal edən ölkələrdəndir. Hətta 2024-cü ildə  ölkəmizdə minik avtomobilləri istehsalında uğurlu nəticələr qeydə alınıb. Belə ki, ötən il istehsal edilən minik avtomobillərinin sayı 5.998 ədəd olub ki, bu da 2023-cü illə müqayisədə 55 faiz artım deməkdir. Eyni dövrdə 697 yük avtomobili istehsal olunub. 

Azərbaycanda avtomobillərin əsas istehsal mərkəzləri Hacıqabul Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsində yerləşir. Hacıqabulda dəyəri 107,5 milyon manata bərabər olan 3.761 ədəd avtomobil istehsal edildiyi halda, Neftçalada 2.182 nəqliyyat vasitəsi istehsal edilib və bunun da dəyəri 54,65 milyon manat təşkil edib. Ümumilikdə isə 2018-2024-cü illərdə sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı gerçəkləşdirilib. 

Lakin burada haqlı sual yaranır ki, niyə ölkə vətəndaşlarında  yerli istehsal olan avtomobillərimizə maraq azdır? Sualın cavabını isə zavod rəhbərləri və mütəxəssislər daha yaxşı bilərlər…

Elçin Zaman, «İki sahil»

Chosen
20
ikisahil.az

1Sources