EN

Köhnə yurdda yeni həyat

Xıdırlı kəndinin artıq 1359 nəfər sakini var

Dünən Ağdam rayonunun Xıdırlı kəndinə 104 ailə - 370 nəfər qayıdıb. Bununla da kənd sakinlərinin sayı 1359 nəfərə (360 ailəyə) çatıb.

2022-ci ilin oktyabrında təməli qoyulan Xıdırlı kəndinin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Bura 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə tutulur. Birinci mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır.

Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 3520 metr elektrik xətti, 1400 metr su xətti, 700 metr qaz təchizatı və 3900 metr kanalizasiya şəbəkəsi inşa olunub. Yaşayış məskəninin mərkəzi kommunikasiya xətləri Ağdam şəhərinin şəbəkəsinə qoşulub. Sarıcalı və Kəngərli kəndləri ilə müqayisədə Xıdırlı kəndinin relyefi daha sərtdir. Bu səbəbdən vertikal şaquli planlama işləri həyata keçirilib. Xıdırlıda torpaqların şişən və çökən qrunt olması evlərin tikintisində olduğu kimi, yol tikintisi zamanı da ciddi torpaq kütləsinin çıxarılmasını tələb edib. Kənddə birinci mərhələdə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır.

Bundan başqa, yaşayış məskənində zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları inşa edilib. Burada çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evi, məişət xidməti obyekti, emalatxana, tam orta məktəb və körpələr evi-uşaq bağçasının tikintisi həyata keçirilib. 

Qeyd etmək lazımdır ki, ölkəmiz şanlı qələbəmizdən dərhal sonra başlanan bərpa və quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, təkcə 2025-ci ilin yanvar-iyun ayları ərzində işğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 1 milyard 989 milyon 798 min manat vəsait sərf edilib ki, onun da 260 milyon 833,3 min manatı Ağdam rayonuna ayrılıb.

Kənddə inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Xıdırlı kəndindəki klub-icma mərkəzində 190 yerlik akt zalı, bufet, rəqs dərnəkləri və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.

Kənddə inşa edilən Ayköl Manas adına 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Æaparov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi dövlətin prioritet məsələlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Maarifləndirmə və təbliğat işləri çərçivəsində sakinlərə mina təhlükəsi ilə bağlı videoçarxlar nümayiş etdirilir, görüşlər keçirilir, insanlar ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırılır, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq təqdim olunur.

Qarşıya qoyulan məqsədlərə addım-addım yaxınlaşdıqca, layihələr reallaşdıqca yurduna qovuşan keçmiş məcburi köçkünlərin sayı artır, statistika hər həftə, hər ay yenilənir, qayıdış karvanlarının ünvanları da dəyişir.  Bu günədək artıq 18144 keçmiş məcburi köçkün əzəli torpağına qovuşub. Böyük qayıdışın birinci mərhələsində  Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin, 34 min 500 ailənin daimi məskunlaşması təmin ediləcək. İşğaldan azad edilən torpaqlarda həyatın bərpası, həmçinin doğma el-obalarına qayıdan keçmiş məcburi köçkünlər üçün yaradılan imkanlar dövlətimizin qüdrətini, xalqımızın əzmini və Qarabağ naminə milli ruhumuzu parlaq şəkildə göstərir. 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

1Sources