Trampa Nobel Sülh Mükafatı verilməsə, Ukraynanın taleyi necə olacaq?
“ABŞ prezidenti Donald Tramp sadəcə Nobel mükafatı almaq üçün dünyanın müxtəlif qaynar nöqtələrində bu qədər mürəkkəb və birmənalı qarşılanmayacaq xarici siyasət yürüdür. Məqsəd əgər Nobel Sülh Mükafatı almaqdırsa, Trampın Ukrayna-Rusiya müharibəsini dayandırmadan da bu mükafatı almaq şansı var".
Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz bildirib.
"Razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq, Tramp və onun administrasiyası indiyədək 5 savaşı bitirdiyini elan edir: İran-İsrail, Pakistan-Hindistan, Ruanda-Konqo, Tailand-Kamboçiya və hazıra nazir olduğu Azərbaycan-Ermənistan savaşları. 2009-cu ildə Nobel Sülh mükafatına layiq görülən və Trampın özünə ən böyük düşmən olaraq gördüyü Barak Obama isə heç bir savaşı dayandırmamışdı və sözügedən mükafatı olduqca yuvarlaq səbəblərə - nüvə silahlarının yayılmasının qarşısının alınması səyləri və xarici siyasətdə beynəlxalq əməkdaşlığın təşviqi roluna görə almışdi”, deyə H.Oğuz qeyd edib.
Ekspertin fikrincə, Rusiya Avropa və ABŞ-ın tələblərini yerinə yetirməsə, daha ciddi müqavimətlə üzləşəcək:
"Ukrayna savaşı Rusiyanı tamamilə tükəndirmə savaşına çevriləcək və artıq çevrilib. Prosesə böyük ehtimalla Çin də qarışacaq. Təbii ki, Ukraynanın bu iki gücə qarşı təkbaşına müqavimət göstərməsi mümkün deyil. Hətta ABŞ və Avropa ən müasir silahlarını Ukraynaya versələr belə, Kiyevin əsgər sayı bu müharibənin sürdürülməsi üçün kifayət etməyəcək. Nəticədə Avropa dövlətləri də Ukraynaya canlı qüvvə göndərməyə məcbur olacaq. Eləcə də Polşa, Baltik ölkələri, Macarıstan, Slovakiya, Serbiya və sair kimi Balkan ölkələri də yeni hərbi poliqona çevriləcək”.
Siyasi şərhçi hesab edir ki, Rusiya-Qərb savaşının böyüyəcəyi təqdirdə Avropa İttifaqı tamamilə darmadağın olacaq:
“Getdikcə böyüyən savaşın yükü əsasən Almaniya və İngiltərənin çiyinlərinə düşəcək. Fransanın isə bu savaşda aktiv yer alacağını düşünmürəm. Çünki onu da artıq dünyanın yenidən bölüşdürülməsi planından çıxdaş ediblər. Bu savaş nəticəsində Avropa İttifaqı tamamilə darmadağın olacaq və “qoca qitə”də hakimiyyət ultra-sağların əlinə keçəcək. Əslində ABŞ-ın əsas hədəflərindən biri də elə budur. Ümid edirəm ki, Türkiyə də bu savaşda balanslı mövqe sərgiləyəcək və Qara dənizdə bəzi önəmli manevrlərlə kifayətlənəcək. Amma ABŞ və Avropanın onu da müharibəyə qatmağa çalışacağı ehtimal daxilindədir. Ondan xüsusilə NATO gəmilərinin Qara dənizə daxil olması üçün Montro Konvensiyasının tələblərinə göz yummağı tələb edəcəklər. Türkiyənin bu addımı atmaması üçün Rusiyanın da özünü yaxşı aparması lazımdır. Çünki bu müharibə Rusiya-NATO savaşına çevrilərsə, Türkiyənin də başqa çarəsi qalmaya bilər”.