EN

BSU-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanına hazırlıqla bağlı görüş keçirilib

Bakı, 28 avqust, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanlarına hazırlıq məqsədilə 13 ali təhsil və 1 elm müəssisəsindən olan namizədlərlə koordinasiya görüşü keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, görüş sentyabrın 2-dən 5-dək mərkəzləşdirilmiş qaydada baş tutacaq imtahanların yüksək təşkilati səviyyədə keçirilməsinə hazırlığın mühüm mərhələsidir.

Görüşdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev doktoranturaya qəbul prosesində ədalətlilik və qərəzsizliyin qorunmasının mühüm prinsip olduğunu vurğulayıb. O, qiymətləndirmə meyarları, imtahan prosesində yerinə yetirilməli olan qaydalar və digər təşkilati prinsiplər barədə ətraflı məlumat verib.

Rektor qeyd edib ki, doktoranturaya qəbul imtahanlarının əsas məqsədi biliklərin yoxlanılması ilə kifayətlənmir, həm də ölkənin gələcək elmi potensialının formalaşdırılmasında mühüm mərhələdir.

“Bu imtahanlar vasitəsilə biz yalnız yeni doktorantları seçmirik, həm də Azərbaycanın elmi gələcəyini formalaşdırırıq. Gənc tədqiqatçıların elmə gətirəcəyi yeni ideyalar, innovativ yanaşmalar və araşdırmalar ölkənin intellektual inkişafına mühüm töhfə verəcək,” – deyə rektor Anar Nağıyev bildirib.

Rektor qəbul imtahanlarında və tədqiqatçılıq fəaliyyətlərində bütün namizədlərə uğurlar arzulayıb.

Görüş zamanı namizədlərin sualları dinlənilib, onların qarşılaşa biləcəyi texniki və metodoloji məsələlərə aydınlıq gətirilib. İddiaçılara imtahanın gedişatı ilə bağlı bütün mərhələlər izah edilib, imtahan prosesinə aid yaddaş kitabçaları və digər materiallar təqdim olunub.

Koordinasiya görüşü namizədlərdə əlavə motivasiya yaradıb və onları qarşıdakı imtahan mərhələsinə daha inamlı şəkildə hazır olması üçün vacib mərhələ kimi dəyərləndirilib.

Qeyd edək ki, Bakı Slavyan Universitetində fəlsəfə fənni üzrə Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə 13 ali təhsil müəssisəsindən və Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyindən 157 namizədin doktoranturaya qəbul imtahanları sentyabrın 2-dən 5-dək mərkəzləşdirilmiş qaydada keçiriləcək.

Chosen
8
4
azertag.az

5Sources