EN

Qarabağ – bir klubdan daha artıq

Tarix yazmağa alışıb artıq Qarabağım…


Dünən yazdığı tarixlə Qarabağ futbol klubu yalnız bir oyunu qazanmadı – o, bir millətin ürəyini, iradəsini və inamını yenidən qazandı və bir daha sübut etdi ki, kənardan sadəcə futbol kimi görünən Qarabağın hər qələbəsi bizim qəlbimizdəki yaraları sarıyır, inamımızı yerinə, bizi özümüzə qaytarır.

Ferentsvaroşa qarşı alınan bu çətin, nəfəs kəsən mübarizə bir daha göstərdi ki, Azərbaycan ruhunu heç bir divar, heç bir baryer saxlaya bilməz. Doğrudur, Ferentsvaroş qarşısında çətin anlar da oldu. Amma Qarabağ meydanda yalnız mübarizə aparmadı, o həm də millətin inadını, iradəsini, sınmaz ruhunu təmsil etdi. Hər qol, hər ötürmə sanki minlərlə ürəyin döyüntüsü idi. Və nəhayət, UEFA Çempionlar Liqasının qrup mərhələsinə gedən yol açıldı – bu yol zəhmət, inam və Vətən sevgisi ilə döşənmişdi.
Sanki meydanda 11 oyunçu yox, milyonlarla azərbaycanlı bir yumruq kimi birləşib, ürək olub döyünürdü. Qarabağın hər azarkeşi ailəsini, övladını izlər kimi kilidlənmişdi meydana. Qələbə anında göz yaşlarına boğulan azarkeşlər sadəcə futbolu deyil, Qarabağın özünə dönüşünü yaşadılar. Bu qələbə sanki işğal illərinin ağrılarını bir anlıq unutdurdu, millətin başını bir daha ucaltdı.
Uduzduğumuz qollar belə ümidimizi qıra bilmədi, çünki bu komandanın adı Qarabağdır – dirənişin, qürurun və zəfərin adı. Çünki bu bizim Vətənimizdir, birliyimizdir, illərdir adı gələndə qəlbimizin yarpar kimi əsdiyi Qarabağdır bu. Bir ovuc torpağı da bizimdir, oyunu da.

UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq yalnız idman uğuru deyil. Bu, dünyaya səslənən bir mesaj idi: “Biz varıq, biz güclüyük, biz hər zaman zirvəyə qayıdacağıq.” Bu özünə qayıdışdır, bu Qarabağın yenidən aid olduğu yüksəlişə ucalmasıdır, bu Vətənin qələbəsidir.

Bu gecə təkcə stadionda olanlara sevinmədik, bu gecə təkcə qələbəyə deyil, keçmişin bütün səhifələrinə kövrəkdik. Bütün Azərbaycan sevinci göz yaşına qarışdırdı. Çünki Qarabağ bir klub deyil – Qarabağ bizim yaddaşımız, şəhidlərimizin xatirəsi, millətimizin ümididir.
O an illərin həsrətini, qürurunu, millətin ruhunu oyadan bir an idi. Qarabağ adı çəkiləndə hər kəsin ürəyində bir titrəyiş yaranır – çünki bu ad yalnız futbol meydanına aid deyil, bu ad Vətəndir.

İndi isə qarşıda yeni bir yol var – qrup mərhələsi. Daha böyük səhnədə daha böyük qələbələr. Amma nəticədən asılı olmayaraq, Qarabağ artıq qalibdir. Çünki Qarabağ meydanda 11 oyunçu ilə yox, milyonlarla ürəklə, xalq olaraq, Vətən üçün oynayır.
Avropa səhnəsində adı səslənən Qarabağ adı dünya stadionlardan bir klub kimi deyil, bütöv bir xalq kimi eşidiləcək. Biz bunu belə eşidəcəyik, çünki Qarabağ bizim yaddaşımız, dirənişimiz, ən saf ümidimizdir.

Qarabağın qazandığı zəfər bir klubun deyil, bir millətin zəfəridir!
Qarabağ – bir komanda deyil, bir Vətəndir!
Qarabağ artıq Çempionlar Liqasındadır!
Bu qələbə təkcə futbol deyil, Qarabağın simvoludur!

Artıq alnımıza yazılan döyüş deyil, qələbədir.
Keçmişdən bu günə zəfəri alnımıza yazan hər kəs Vətəndir, Qarabağdır, Azərbaycandır.
Qarabağ kimi…

Gülər Mübariz

Chosen
23
6
manset.az

7Sources