Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Hafta.az xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 915 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədə “Ağdam” sözü “Xankəndi şəhərinin, Ağdam, Ağdərə” sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.5-ci bəndində “Bərdə” sözü “Xankəndi” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.